Accessibility links

Azərbaycan Avropada jurnalistlər üçün ən təhlükəli yerdir


Azərbaycan məhkəməsinin dünən «Müxalfiət» qəzetinin redaktoru Rövşən Mahmudlu və şöbə redaktoru Yaşar Ağazadəni böhtan ittihamı ilə 30 ay azadlıqdan məhrum etməsi beynəlxalq və yerli təşkilatların geniş narazılığına səbəb olub. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib ki, Azərbaycanda mətbuat azadlığının vəziyyəti ABŞ-da ciddi narahatlıq doğurur. «ABŞ-ın mövqeyi bir neçə dəfə səfir Enn Ders və Amerika hakimiyyəti nümayəndələri tərəfindən ifadə olunub. Azərbaycan həm də Avropa Şurası, ATƏT və NATO qarşısında mətbuat azadlığının təmin edilməsi tərkib hissəsi olan demokratik islahatlar keçirmək öhdəliyi götürüb». Onun dediyinə görə, demokratik ölkələrdə jurnalistləri böhtana görə həbs etmirlər. "Biz ümid edirik ki, böhtan haqqında məsələ cinayət qanunvericiliyindən çıxarılacaq». ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti isə "Müxalifət" qəzetinin redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadənin böhtana görə həbs olunduqları haqqında xəbərə məəttəl qaldığını bildirib. "Jurnalistlərin amansız cəzalandırılması mətbuatı təhlükəsizlikdən - ATƏT-in əsas öhdəliyindən məhrum edir. Son həftələr ərzində ofisimdə Azərbaycanda böhtan və təhrikçiliyə görə beş jurnalistin mühakiməsi qeydə alınıb. Lakin onların yeganə "günah"ı rəsmi şəxslərin tənqidi və ya şərti dəyərlərə şübhələri olub. Bu gün Azərbaycanda həbs edilmiş jurnalistlərin sayı yeddi nəfərə çatıb. Bununla Azərbaycan ATƏT məkanında jurnalistlər üçün ən təhlükəli yerə çevrilib". Cənab Haraşti prezident İlham Əliyevlə görüşünü də xatırlayıb. "Prezident Əliyevlə Bakıdakı son görüş zamanı onun müşavirləri israr etdilər ki, bu cür "represiyalar" yalnız jurnalistləri nizama salacaq və onların daha da məsuliyyətli olmasına gətirəcək. Lakin bu strateji səhvdir, çünki söz azadlığı və mətbuatın özünü nizamlaması birlikdə KİV-in professionallığını möhkəmlədə bilər". O təəssüf edir ki, Azərbaycan, hətta 2005-ci ildə prezidentin siyasətçilərə özünüidarə haqqında çağırışına baxmayaraq, hələ də beynəlxalq standartlar tərəfə irəliləyə bilməyib. «Göründüyü kimi, çağırış yalnız bir il ərzində təsir edib. Ümid edirəm ki, hakimiyyət irəliyə yeganə yolun böhtana görə cinayət məsuliyyətinin qadağası olduğunu dərk edəcək". Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq jurnalistləri müdafiə komitəsi Azərbaycanda "Müxalifət" qəzetinin iki əməkdaşının 30 ay müddətinə həbs edildiyi məhkəmə hökmünün və böhtana görə cinayət məsuliyyətinin ləğv edilməsinə çağırıb. «Dövlət başçısının əmisi Cəlal Əliyev böhtan və təhqir ittihamı ilə qəzetin redaktoru Rövşən Kəbirliyə və məqalə müəllifi Yaşar Ağazadəyə qarşı məhkəmə iddiası verib. Söhbət qəzetin Türkiyə mətbuatına istinadən Cəlal Əliyevin nəzarət etdiyi AMAY şirkətinin İran şirkətini 21 mln. dollar məbləğində aldatması haqqında fevral sayında çıxan məqaləsindən gedir. Kəbirli və Ağazadənin məhkum edilməsi Azərbaycan haqqında kəskin materialları qadağan etmək məqsədilə cinayət məsuliyyətinin utanmazcasına tətbiq olunmasının nümunəsidir", - deyə JMK-ın icraçı direktoru Coel Saymon bildirib. Çoxsakylı müxtəlfi yönümlü digər yerli və beynəlxalq təşkilatlar da Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatlıq ifadə edən bəyanatlarla çıxış edib. Bütn sənədlərdə Azərbaycanda həbsdə olan jurnalistlərin azdlığa buraxılması və böhtan maddəsinin Cinayət Məcəlləsindən çıxarılması tələb edilir. Azərbaycanın Redaktorlar Şurası Azərbaycanda söz azadlığının pisləşən vəziyyəti və jurnalistlərin növbəti həbslərini nəzərə alaraq Avropa Şurası Parlament Assambleyası rəhbərliyinə yay sessiyasının gündəliyinə Azərbaycanda medianın vəziyyəti haqqında məsələ daxil etmək xahişi ilə müraciət etməyi qərara alıb. Redaktorlar Şurası Sabir bağında həftəlik piketləri davam etdirəcək və iyunun 12-nə jurnalistlərin söz azadlığının müdafiəsi üçün ümumrespublika mitinqi təyin edilib
XS
SM
MD
LG