Azərbaycanın APA agentliyinin məlumatına görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Belqradda keçilmiş görüşünün yekunları ilə bağlı birgə bəyanat yayıb.
Nazirlərin konstruktiv işini və gələcəklə bağlı apardıqları diskusiyanın əhəmiyyətini qeyd edən həmsədrlər son danışıqların əsas beynəlxalq prinsiplərə əsaslandığını bildirir: “Xarici işlər nazirləri prosesi iki ölkə prezidentinin görüşərək uğurlu danışıqlar apara biləcəyi nöqtəyə qədər yaxınlaşdırıblar”.
Həmsədrlər prezidentlər arasında planlaşdırılan görüşü onların özü ilə müzakirə etmək məqsədilə mayın sonlarında regiona səfər etməyə hazırlaşırlar. Onlar qeyd ediblər ki, prezidentlərin gözlənilən görüşü regionda sülh və sabitliyin təməlini qoyacaq prinsiplərə əsaslanan razılaşmanın əldə edilməsinin başlanğıcı ola bilər. Diplomatlar həmişə olduğu kimi, bu dəfə də dövlət başçılarının öz cəmiyyətlərini sülhə hazırlamasının vacibliyini vurğulayıblar və hər iki tərəfi qarşılıqlı etimadı artıracaq addımlar atmağa çağırıblar.