ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb. Öncə amerikalı həmsədr Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla görüşüb. Cənab Bəhmənov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə iradlarını bildirdiyini deyib. Onun iradı Azərbaycanın işğal altında olan ərazilərindəki azərbaycanlılara məxsus yaşayış məskənlərinin, tarixi abidələrin yandırılmasına və işğal faktına ATƏT-in, o cümlədən həmsədr ölkələrin indiyədək münasibət bildirməməsi ilə bağlı olub. Dağlıq Qarabağın Azərbaycan icmasının başçısının cənab Brayzanın özünə aid iradları da var. Nizami Bəhmənov Dağlıq Qarabağın Azərbaycan icmasının prezident İlham Əliyevin mövqeyini dəstəklədiyini və münaqişənin Praqa prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü daxilində həllinə tərəfdar olduğunu deyib. Onun sözlərinə görə, amerikalı həmsədr Ermənistan tərəfinin də təkliflərinin olduğunu bildirib. Cənab Bəhmənov Ermənistanın Livandan evakuasiya edilən ermənilərin Dağlıq Qarabağda yerləşdirmək niyyətində olması ilə bağlı məlumatları həmsədrin diqqətinə çatdırıb. Həmsədr isə bunun yolverilməz olduğunu deyib. Amerikalı həmsədr Metyu Brayza isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla saat yarımlıq görüşündən sonra jurnalistlərə yalnız bir neçə kəlmə deməklə kifayətlənib. O Ermənistanda və Azərbaycanda apardığı danışıqların yekunları ilə bağlı hər hansı açıqlama verməyib. «Bakıya gəlməkdə məqsədim prezident İlham Əliyevin və xarici işlər nazirinin fikirlərini dinləməkdir. Buraya ATƏT-in Minsk qrupunun həmsədri kimi gəlmişəm və ikitərəfli münasibətlərə toxunmadan, ancaq Dağlıq Qarabağ munaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə edirəm. Sabah Bakıdan Parisə gedəcəm və orada digər həmsədrlərlə müzakirələr aparacağıq». Müstəqil politoloqlar amerikalı həmsədrin regiona səfərinin münaqişənin nizamlanmasına hələ ümidlərin qaldığına işafə kimi qiymətləndirir. Politoloq Rasim Musabəyov həmsədrlərin «fantaziyalarının tükənməsi» ilə bağlı bəyanatlarını da şübhə altına alır. Politoloq guman edir ki, həmsədr ölkələrin ciddi siyasi iradəsi Ermənistanın geri çəkilməsinə və sülh sazişinin imzalanmasına səbəb ola bilər. Öncə Dağlıq Qarabğın ətrafındakı işğalda olan beş rayon, sonra isə Laçın və Kəlbəcər rayonları qaytarıla bilər. Eyni zamanda, cənab Musabəyov Ermənisanıvn iradından tezliklə geri çəkiləcəyinə inanmır.