“Martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə qəbul olunub. ATƏT-in Minsk Qrupuna həmsədr dövlətlərin sənədin əleyhinə səs verməsi Azərbaycanda böyük təəssüf və narazılıqla qarşılanır. Belə davranışla həmsədrlər fəaliyyətlərinin obyektivliyini ciddi şübhə altına alıb, dövlətlərin dinc yanaşı yaşamaq hüququnu və ərazi bütövlüyünü açıq-aşkar pozan təcavüzkar Ermənistanla həmrəylik nümayiş etdirib”. Bu barədə bu gün bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, ziyalılar və Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantıda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin tutduğu mövqe ilə bağlı qəbul etdiyi etiraz bəyanatında deyilir.
YAP sədrinin müavini Əli Əhmədovun fikrincə, Minsk Qrupunun həmsədrləri qətnamənin əleyhinə səs verməklə özlərini çətin vəziyyətə salıb. Belə ki, qətnamədə Minsk Qrupunun fəaliyyətinin genişləndirilməsi tövsiyə edilir.
Cənab Əhmədov eyni zamanda, Azərbaycanın danışıqlara sadiq olduğunu bəyan edib. Onun fikrincə, danışıqlar məhz Minsk Qrupu çərçivəsində davam etdirilməlidir.
“Bütöv Azərbaycan Xalq Cəbhəsi” partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, Minsk Qrupu həmsədrlərinin mövqeyi münaqişənin nizamlanmasına deyil, uzanmasına xidmət edir.
“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalının fikrincə, Minsk Qrupu bütövlükdə iflasa uğrayıb. Çünki bu qrupun Azərbaycan da daxil olmaqla cəmi iki üzvü qətnaməni dəstəkləyib.
“Böyük Quruluş” partiyasının sədri Fazil Qəzənfəroğlu Minsk Qrupunun həmsədr institutunun formatının dəyişdirilməsini vacib sayır. Onun fikrincə, həmsədrlərdən Rusiya və Fransa daim Ermənistanın mövqeyini müdafiə edir.
Xarici İşlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə
Minsk Qrupu həmsədrlərinin münaqişənin nizamlanması ilə
bağlı ötən ilin noyabrında Madriddə təqdim etdiyi təkliflər paketinin hüquqi əsasının olmadığını bildirib. Onun fikrincə, münaqişənin nizamlanmasında BMT Baş Məclisinin qətnaməsi əsas kimi götürülməlidir.
Yeri gəlmişkən bildirim ki, ATƏT-in Minsk Qrupu həmsədrləri BMT Baş Assambleyasında "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət haqqında" qətnamənin əleyhinə səs verməzdən əvvəl birgə bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Madriddə ATƏT-in xarici işlər nazirlərinin sammitində münaqişənin nizamlanması üçün təməl prinsiplərini təklif edib.
”Bu prinsiplər güc tətbiqindən imtina, dövlətlərin ərazi bütövlüyü, həmçinin bərabər hüquqlar və xalqların öz müqəddəratını həll etməsi kimi prinsiplərdən ibarət olan Helsinki Yekun Aktının müddəalarına əsaslanır. Madriddə tərəflərə təqdim edilmiş təkliflər hazırda danışıqlar predmeti olan tarazlaşdırılmış prinsiplər paketidir. Tərəflər razılaşıblar ki, əgər bütün elementlər razılaşdırılmasa, heç bir element qəbul edilməyəcək.
Təəssüf ki, qətnamə layihəsi bu prinsiplərin yalnız bir hissəsinə toxunur və həmsədrlərin təklifləri nəzərə alınmadan, digərlərini istisna edir. Belə seçimli yanaşmaya görə, Minsk Qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çıxış edir. Bu ölkələr hesab edir ki, münaqişənin sülh yolu ilə, qərəzsiz və uzunmüddətli nizamlanması tərəflərdən ərazi bütövlüyü, güc tətbiq edilməməsi, xalqların bərabər hüquqları, həmçinin, beynəlxalq hüquq prinsiplərini nəzərdə tutan qaçılmaz kompromislər tələb edir.
Sülh prosesini pozması təhlükəsi olan bu birtərəfli qətnamənin əleyhinə səs verməklə, Minsk Qrupu həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini təsdiq edir və Dağlıq Qarabağın müstəqilliyini tanımır” - deyə bəyanatda qeyd edilib