Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri ameprikalı Metyu Brayza, fransalı Bernar Fasye və rusiyalı Yuri Merzlyakov dünən Yerevanda danışıqlar apardıqdan sonra bu gün Bakıya gəlib. Həmsədrlər prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar apardıqdan sonra günün sonunda yenidən Yerevana dönüblər. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak edir.
Dünən Yerevanda keçirilən görüşün nəticələrini şərh edən Ermənisitan xarici işlər naziri Vardan Oskanyan ATƏT-in Minsk qurupu həmsədrlərinin get-gəl diplomatiyasına keçdiyini bildirib. «Bu, yeni üslubun təzahürüdür. Belə ki, get-gəl diplomatiyası həmsədrlərin regiona səfərlərinin fəallaşdırılmasından və get-gəl diplomatiyası vasitəsilə müsbət nəticə əldə olunması üçün tərəflərin mövqelərini prezident seçkilərinədək yaxınlaşdırmağa çalışmasından ibarətdir». Onun sözlərinə görə, Yerevanda görüşlər yaxşı keçib, müsbət tendensiyalar var. "Biz həmsədrlərin Bakıdan hansı xəbərlərlə qayıdacağını gözləyirik", -deyə nazir qeyd edib.
Həmsədrlər rəsmi Bakı ilə danışıqlardan sonra yenidən Yerevana qayıtmağa zərurət hiss etsələr də Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim danışıqlarda heç bir yeniliyin olmadığını bəyan edib. Cənab İbrahim deyib ki, həmsədrlər Bakıya təzə heç nə gətirməyib və Yerevana da Azərbaycanın münaqişə ilə bağlı yenidən təkrar etdiyi mövqeyini aparıb. Mətbuat katibi hazırda tərəflər arasında birbaşa görüşlərdən söhbət getmədyini bildirib. Onun sözlərinə görə, həmsədrlər tərəflərlə ayrılıqda təmas qurur.
Amerikalı həmsədr Metyu Brayza isə dünən ANS televiziyasına 2008-ci ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinə qədər tərəflər arasında centlmen sazişinin imzalanmasının mümkünlüyündən danışıb. Ancaq müstəqil şərhçilər tərəflərin mövqelərində yaxınlığın hiss edilmədiyini düşünür. Onların fikrincə, son dörd ayda həmsədrlərin tərəflərə təsiri daha da zəifləyib. «Ekspress» qəzetiinin siyasi şərhçisi Ələkbər Raufoğlu həmsədrlərin yeni danışıq tərzi ilə bağlı bəyanatlarını da birmənalı qarşılamır. O hesab edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca hansı danışıq tərzi olmasına baxmayaraq irəliləyiş qeydə alınmaycaq.
BMT Baş Assambleyasının prezidenti Srgcan Kerim də dünən Harvard Universitetində çıxışı zamanı bildirib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü daxilində həll olunmalıdır. "BMT Baş Assambleyası üzv dövlətin ərazi bütövlüyünə zərbə vuracaq, onu sual altında qoyacaq heç bir addım atmaz. Bizim mövqeyimiz bundan ibarətdir ki, həm Dağlıq Qarabağ münaqişəsi, həm də GUAM ərazisindəki bütün münaqişələr bir-birindən mahiyyətcə fərqlənir, onları heç bir vaxt eyniləşdirmək olmaz. Biz inanırıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü daxilində həll olunacaq. Eyni zamanda, Azərbaycan tərəfi də erməni azlığın digər etnik azlıqlarla bərabər səviyyədə həmin ərazidə sülh şəraitində yaşaması üçün şərait yaratmalıdır". Cənab Kerim həmçinin tərəfləri danaşıqları davam etdirməyə və ortaq nöqtəyə gələmyə çağırıb.