Accessibility links

ATƏT Bakıda informasiyaya çıxış, hökumətlə media arasında münasibətlər mövzusunda konfrans keçirib


Bakıda ATƏT-in təşəbbüsü ilə "İnformasiyaya çıxış, hökumətlə KİV arasında münasibətlər" mövzusunda konfrans keçirilib. Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri, Prezidentin İcra Aparatının şöbə müdiri, hökumət strukturlarının mətbuat xidmətlərinin rəhbərləri, redaktorlar, jurnalist təşkilatlarının təmsilçiləri iştirak edib. ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero ATƏT-in Azərbaycanda mətbuatın vəziyyəti ilə çox maraqlandığını bildirib. Onun sözlərinə görə, ATƏT qurumlar arasında dialoqu vacib sayır. "Azərbaycan mətbuatı keçid dövrünü yaşayır. Lakin irəliləyişlərin əldə olunması üçün hərəkət olmalıdır. ATƏT-in təşəbbüsü ilə Azərbaycanda BBC-nin ekspertləri hökumət və media arasında əlaqələrin vəziyyətinə dair hesabat hazırlayıb. Biz hesabatın nəticəsi olaraq "Vahid İnformasiya və Kommunikasiya Strategiyası" layihəsini təqdim etmişik". Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, son illər informasiya verənlərlə informasiya alanlar arasında bir çox problemlər həll olunsa da, bir çox problemlər də həllini tapmayıb. Belə ki, KİV-in vəziyyəti, media - hökumət münasibətləri, jurnalistlərin peşəkarlığı istənilən səviyyədə deyil. O jurnalistlərin həbsinə müasibt bildirib. Şöbə müdiri hesab edir ki, mətbuatın problemlərindən biri də maliyyə cəhətdən zəif olmasıdır. "2008-ci ildə bu sahədə addımlar atılacaq. Biz istəyirik ki, mətbuat asılı olmayan orqana çevrilsin". O həmçinin rəsmi qurumların mətbuat xidmətlərinin rəhbərlərinin əsasnaməsinin yaxın zamanda prezident tərəfindən təsdiq edilcəyini deyib. ATƏT-in Bakı ofisinin eksperti Elşad Fərzəliyev isə "Vahid İnformasiya və Kommunikasiya Strategiyası" layihəsi haqqında məlumat verib. Strategiynanın layihəsini hazırlamaq üçün işçi qrupu yaradılacaq. 8 ay müddətində sənəd hazırlanıb hökumət qurumlarının və media rəhbərlərinin müzakirəsinə veriləcək. Sonra isə tərəflər arasında memorandum imzalanacaq, sənədin tətbiqinin monitorinqi aparılacaq. Mətbuat mövzusunu davam etdirək. Hazırda Azərbaycanda 9 jurnalist həbsdədir. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidin barəsində həbs qəti imkan tədbiri seçilməsi isə ölkə mətbuatı ilə bağlı beynəlxalq və yerli təşkilatların bəyanatlarını bir qədər də sərtləşdirib. Mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycanda müxalif mətbuata kriminal müəssisə kimi baxan məhkəmə qərarından sarsıldğını bildirir. «Ölkə prezidenti və ona yaxın insanları tənqid edən jurnalistləri cəzalandırmaq üçün istənilən üsuldan istifadə olunur. Cənab Zahidin jurnalist qardaşının bir il əvvəl saxta ittihamla həbsi faktı bizim hadisənin planlaşdırılmış olması barədə şübhələrimihzi bir daha artırır" - deyə təşkilatın bu gün yaydığı bəyanatda deyilir. Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov isə «Azadlıq» qəzetinin redaktorunun həbsinin insanların polisə şikayəti əsasında baş verdiyini bildirib. Bununla yanaşı, o məsələnin obyektiv araşdırılacağına ümid edir.
XS
SM
MD
LG