ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu 2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair yekun məruzəni açıqlayıb. Sənəddə deyilir ki, öhdəliklərə və beynəlxalq standartlara uyğun olaraq prezident seçkilərində irəliləyişlər olmasına baxmayaraq, seçkilərin idarə edilməsilə bağlı bir sıra texniki cəhətlər ATƏT standartlarına cavab verməyib.
Hesabatda seçkilərin dinc atmosferdə keçirildiyi, amma zəif rəqabətlə, yetərli olmayan siyasi diskussiyalarla, KİV-in məhdudlaşdırılması ilə müşayiət olunduğu qeyd edilir. “Beləliklə, situasiya plüralist və demokratik seçkilər üçün zəruri olan bir sıra prinsipial şərtlərə cavab verməyib. ATƏT/DTİB uzunmüddətli maneələr olduğunu və bütün namizədlərə bərabər şərait yaradılmadığını əsas gətirərək bir sıra müxalifət partiyalarının seçkilərə qatılmamasına təəssüf etdiyini bildirir.
Hakimiyyətin bütün namizədlər üçün nisbətən əlverişli şərait yaratması səylərinə baxmayaraq elektron KİV-lərdə yalnız hakim partiyanın namizədinin işıqlandırılması bərabər şəraitin olmamasının göstəricisi idi”. Sənəddə deyilir ki, “Seçki Məcəlləsi”ndə bir çox ciddi çatışmazlıqlar hələ də qalmaqdadır. “Buradakı dəyişikliklər Avropa Şurası Venesiya komissiyasının tövsiyyələrinin yalnız bir hissəsini nəzərə alıb. Seçkilərin özü cəmiyyətdə az maraq oyadıb və yetərli olmayan siyasi debatlarla fərqlənib. Eyni zamanda dövlət başçısının ölkə üzrə səfərləri geniş şəkildə işıqlandırılıb. Onun iştirakı ilə müəssisələrin açılışı seçkiqabağı kampaniya kimi qəbul edilib”.
Hesabata görə, icra hakimiyyətinin strukturları seçki prosesinə cəlb edilib, tələbə və məktəbliləri isə hakim partiyanın seçkiqabağı aksiyalarına məcburi qaydada gətiriblər. “ATƏT/DTİHB -in müşahidə missiyası yerli hakimiyyətin və ya seçki komissiyalarının nəzarətində olan və hakim partiya ilə bağlı olan büdcə təşkilatlarından olan şəxslərdən ibarət iyerarxik şəbəkənin mövcudluğunu təsdiq edir. Bu şəbəkə səs verənlərin sayının artırılmasına məsul idi”.
Azərbaycanda KİV-lərin çoxsaylı olmasına baxmayaraq son illərdə ölkədə medianın durumu pisləşib. Bu isə KİV-lərdə plüralizm və müstəqilliyin olmamasının əsas səbəbidir. Bu İctimai TV-nin və dövlət telekanalı olan Az.TV-nin fəaliyyətində özünü əyani göstərir. “Bu kanallar vasitəsilə seçkilərin işıqlandırılması hakimiyyətin namizədinin xeyrinə olmaqla balanslı olmayıb.
Uzun müddət seçki prosesi ilə məşğul olan QHT-lər seçkilərin monitorinqində faktiki iştirak edə bilməyiblər”. Sənəddə deyilir ki, səsvermə və səslərin sayılması heç də həmişə şəffaf olmayıb, müşahidə missiyasının bəzi müşahidəçilərinə isə səslərin sayılması prosesində iştirak etməyə icazə verilməyib.
ATƏT/DTİHB-in tövsiyələrində hakimiyyətə və Azərbaycan ictimaiyyətinə (bu bundan əvvəlki seçkilərdə də olub) seçkiləri ATƏT qarşısındakı öhdəliklərə və demokratik seçkilərin beynəlxalq standartlarına uyğun keçirilməsi tövsiyə olunduğu vurğulanır. Hakimiyyət siyasi qüvvələrlə dialoqu inkişaf etdirməli və seçkinin nəticələrinə inamı təmin etməlidir. Seçki məcəlləsi əvvəllər edilmiş irad və tövsiyələr nəzərə alınmaqla dəyişdirilməlidir.
Xüsusilə seçki məntəqələri və Mərkəzi Seçki Komissiyasının tərkibi siyasi plüralizmi əks etdirməli və ölkənin siyasi qüvvələrinin etibarına səbəb olmalıdır. Həmçinin hərbi hissələrdə səsvermə məntəqələrinin ləğv olunması məsələsi də zəruridir. Büdcədən maliyyələşən KİV-lər bütün namizədləri bərabər işıqlandırmalı və seçicilərə könüllü seçim etməkdə yardımçı olmalıdır. İctimai TV və dövlət telekanalı seçkilərin balanslı şəkildə işıqlandırılmasını təmin etməlidir. Hesabatda deyilir ki, İctimai TV-nin müstəqilliyi müstəqil redaksiya siyasət ilə gücləndirilməlidir.