Accessibility links

Avropa Birliyi Azərbaycanın demokratikləşməsinə enerji maraqlarından çox önəm verir   


Azərbaycan parlamentində Avropa Birliyi-Azərbaycan parlament əməkdaşlığı komitəsinin 8-ci iclası açılıb. İclasda Avropa qonşuluq siyasəti, Avropa tərəfdaşlıq planı və onun həyata keçirilməsinin vəziyyəti, 2008-ci il prezident seçkiləri, siyasi və iqtisadi islahatlar, insan hüquqları, söz və mətbuat azadlığı, qanunun aliliyi, məhkəmə-hüquq islahatları, Ermənistan-Azərbaycan münaqişəsi və onun sülh yolu ilə nizamlanması perspektivləri müzakirə olunur.

Avropa Birliyi nümayəndə heyətinin rəhbəri Marie Anne İşler Bequn bildirib ki, avropalılar müzakirələrin Azərbaycanın Avropa strukturlarına inteqrasiyası üçün mühüm mərhələ olacağına ümid edir.«Azərbaycan xalqı Avropaya inteqrasiya yolunu seçib. Biz bu yolda Azərbaycana yardımçıyıq, lakin narahatlığımıza səbəb olan bir çox məslələr də var». O, Avropa Birliyini narahat edən məsələlərin sırasında söz və mətbuat azadlığını, demokratiya məsələlərini önə çəkib. «Azərbaycanın bəzi qeyri-hökumət təşkilatları, siyasi partiya rəhbərləri Brüsselə gələrək ölkədəki durumla bağlı məlumatlar verir. Odur ki, bizi Azərbaycanda mətbuat və söz azadlığı, insan haqlarının vəziyyəti narahat edir və ciddi maraqlandırır. İstəiyrik ki, bu sahədə problemləri aradan qaldırıb inkişaf istiqamətində çalışaq və müzakirələr aparaq. Azərbaycanda elə təsəvvür yaranmasın ki, Avropa Birliyinin əsas məqsədi enerji sahəsində əməkdaşlıqdır. Doğrudur, enerji sahəsində əməkdaşlıq önəmlidir. Amma Avropa üçün demokratik dəyərlər, insan haqlarının vəziyyəti bundan daha çox mühümdür. Qarşıdan prezident seçkiləri gəlir. Bu istiqamətdə məsələlər müzakirə edilməlidir. Eyni ilə də digər siyasi məsələlər, xüsusən də Avropa Birliyi ilə qonşuluq siyasəti çərçivəsində öhdəliklər və fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılmalıdır».

Xanım Anne İşler Bequn avropalılrın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında maraqlı olduğunu bildirib. «Yeddi il yarımdan çoxdur ki, münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparılır. Burada irəliləyişlər var, ancaq sürətli deyil. Bilmək istərdik ik, bu danışıqlarda tərəqqi və çətinliklər nədir. Çünki münaqişənin həlli Azərbaycan xalqı kimi avropalıların da marağındadır».

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Valeh Ələsgərov Azərbaycanın Avropa Birliyi ilə səmərəli əməkdaşlığa ümid etdiyini deyib. «Bizim üçün də Avropa ilə əməkdalqda enerji məsələsi əsas deyil. Azərbaycan Avropa ilə elm, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək marağındadır».

Baş nazirin müavini Abild Şərifov Avropa strukturlarına inteqrasiya və iqtisadi əməkdaşlığın inkişafının Azərbaycan üçün prioritet olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Birliyi 1992-ci ildən başlayaraq, Azrəbaycana 400 milyon avro yardım edib.

XS
SM
MD
LG