Accessibility links

Avropa Şurasının nümayəndə heyəti Azərbaycanda siyasi qüvvələri dialoqa çağırıb


Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirən 5 nəfərdən ibarət nümayəndə heyəti yaxşı seçkilər keçirilməsi üçün şərait yarada biləcək irəliləyişlər qeydə alıb. Həmin irəliləyişlər Avropa Şurasının Venesiya Komissiyası tərəfindən irəli sürülmüş bir sıra tövsiyələri nəzərə alınmasından ibarətdir. Lakin, edilən tövsiyələrin heç də hamısı tam şəkildə həyata keçirilməyib. Bununla belə, nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli şəkildə həyata keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid olan məqamlardır. Bu barədə AŞPA-nın nümayəndə heyətinin rəhbəri Andres Herkel bu günki mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin yüksək səviyyəli rəsmiləri ifadə edib ki, onların məqsədi yaxşı təşkil olunmuş və yaxşı idarə olunan, Avropa standartlarına cavab verən seçkilərin keçirilməsidir. “Bu fikir nümayəndə heyəti tərəfindən məmnuniyyətlə qarşılanıb”.

Cənab Herkel vurğulayıb ki, cəmiyyətin qarşıdan gələn seçkilərə maraqsız olduğu barədə ehtimallardan narahat olan nümayəndə heyətinin qəti arzusu seçicilərin dünən başlanmış seşkiqabağı təşviqat kampaniyasına marağı getdikcə artmasından ibarətdir.

Onun fikrincə, prezidentliyə yeddi namizədin qeydə alınması ilə plüralist seçim və rəqabət şəraitinin təmin olunacağı gözlənilsə də, beş müxalif partiyanın seçkilərdə iştirak etməmək barədə qərarı bu seçkilərin ən uğursuz cəhətidir. “Əgər hətta siyasi partiya və onun liderləri seçki yolu ilə hakimiyyətə gəlmək üçün real imkanların mövcud olduğunu görmürlərsə və ya onlar demokratik hüquqlarının məhdudlaşdırıldığı və ya pozulduğu qənaətindədirlərsə, yenə də öz ardıcıllarının maraqları naminə seçki marafonunda iştirak etməlidirlər. Bu baxımdan, nümayəndə heyəti seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri təcili olaraq məsuliyyətli davranmağa və öz aralarında əsaslı dialoqda iştirak etməyə çağırır. Aralarındakı fərq nə olursa olsun, bütün siyasi partiyalar qarşılıqlı ittihamlardan çəkinməli və bunun əvəzində mahiyyət etibarı ilə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə konstruktiv şəkildə və birgə məşğul olmalıdır”.

Qeyd edək ki, nümayəndə Heyəti Azərbaycan Milli Məclisinin dəvəti ilə səfərdə olub. Nümayəndə heyəti Azərbaycan prezidenti, parlamentin Sədri, bütün prezidentliyə namizədlər, müxalifət partiyalarının liderləri, Daxili İşlər və Ədliyyə Nazirləri, Konstitusiya Məhkəməsinin Sədri, vətəndaş cəmiyyəti və media nümayəndələri, eləcə də Bakıdakı diplomatik korpusların təmsilçiləri ilə görüşlər keçirib. AŞPA-nın 30 nəfərdən ibarət tam tərkibli nümayəndə heyəti səsverməni müşahidə etmək məqsədilə oktyabr ayında Azərbaycana gələcək.


XS
SM
MD
LG