Accessibility links

Mavi axın - 2 layihəsi Nabucco layihəsinə alternativ ola bilər



Ötən şənbə Soçi şəhərində Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanla Rusiya baş naziri Vladimir Putinin görüşündə Rusiya qazının Türkiyəyə ixracı və Qara dənizin dibi ilə qaz kəmərinin tikilməsi məsələləri müzakirə edilib. Danışıqlardan sonra keçirilən mətbuat konfransında cənab Putin bildirib ki, tərəflər “Mavi axın - 2” qaz kəmərinin ikinci qolunun tikintisi haqda danışıqlara başlamaq razılığına gəlib.

2008-ci ildə Rusiya təbii qazının Türkiyəyə ixrac həcmi 23,8 milyard kubmetr təşkil edib, bunun 10 milyard kubmetri “Mavi axın” qaz kəməri ilə nəql edilib. 2009-cu ildə ixracatın 25,5 milyard kubmetrə qədər artırılacağı gözlənilir.

Rusiya və Türkiyə “Mavi axın-2” layihəsinin həyata keçirilməsi üzrə işçi qrupun yaradılması haqqında razılığa da gəlib. Layihə Rusiya qazının Yaxın Şərq, İsrail və digər ölkələrə nəqlini həyata keçirməyə imkan verəcək.

Azərbaycan “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, yaxın zamanda iki ölkə arasında qazın alqı - satqısı ilə bağlı razılıq əldə edilərsə “Mavi axın - 2” layihəsi reallaşa bilər. O hazırda qaz bazarında ciddi rəqabətin hökm sürdüyünü bildirib. “Bu baxımdan “Mavi axın - 2” layihəsini Nabucco-ya alternativ kimi də başa deşmək olar”. Amma ekspert mavi axın kəmərləri ilə daşınacaq qazın həcminin Nabucco-dan bir neçə dəfə çox olacağını deyib.

Cənab Şaban hesab edir ki, Nabucco layihəsi də region dövlətlərinin, o cümlədən Avropanın qaz təchizatında mühüm rol oynaya bilər. ”Ancaq Nabucco layihəsi ilə bağlı kommersiya razılaşmaları bir neçə il sürə bilər. Eyni zamanda, qazın alqı - satqısı ilə bağlı dövlətlər arasında danışıqlar hələ başlanmayıb” - deyə ekspert qeyd edib.

XS
SM
MD
LG