Accessibility links

Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələr aparıb   


Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 61-ci sessiyası çərçivəsində Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. . İki saatadək davam edən müzakirələrdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesində gələcək addımlar nəzərdən keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov AzərTAC agentilyinə bildirib ki, həmsədrlər yaxın günlərdə bölgəyə səfər edəcək. «Hazırda onlar sülh danışıqları prosesinin dirəndiyi problemlərin aradan qaldırılması imkanları üzərində işləyir. Bu həftənin sonunda isə, Minsk qrupunun həmsədrləri danışıqların hazırkı mərhələsinə dair Avropa İttifaqı sədrliyini məlumatlandırmaq üçün Helsinkiyə gedəcək». Azərbaycan prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan tərəfinin müxtəlif vasitələrlə münaqişənin nizamlanması ilə bağlı görüşlərin davam etməməsinə çalışdığını bildirib. Onun fikrincə, indiyədək keçirilən görüşlər də nəticə verməyib. Şöbə müdiri iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün nə vaxt olacağı barədə hələ hər hansı məlumata malik olmadığını bildirib. Cənab Məmmədov hesab edir ki, bu görüşün keçirilmə vaxtı ilə bağlı yalnız həmsədrlərin regiona səfərindən sonra fikir söyləmək mümkün olacaq. «Turan» Agentliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcək. Politoloq Rasim Musabəyov iki ölkə xarici işlər nazirlərinin görüş xatirinə görüşməsini əhəmiyyətsiz sayır. O hesab edir ki, görüşlər mübahisə ilə deyil, razılıqlara nail olunması ilə bitməlidir. Politoloq erməni tərəfinin və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın mövqeyini əsassız adlandırır. Onun sözlərinə görə, erməni tərəfi Azərbaycanın işğal altınlda olan rayonlarından Kəlbəcər və Laçını azad etmək istəmir ki, tərəflər arasınlda etimad yoxdur. Cənab Musabəyov Azərbaycanın torpaqlarının girov saxlanması fikrinin qəbuledilməz olduğunu vurğulayıb. O böyük dövlətlərin erməni tərəfinə təsir etməsinin lazımlığını önə çəkir. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində işğal edilmiş ərazilərdə bu il baş verən yanğınlar isə beynəlxalq təşkilatlarda müzakirələrə yol açıb. Belə ki, ATƏT-ni fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik AzərTAC agentliyinə bildirib ki, BMT Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə” dair qətnamə qəbul etdikdən sonra ATƏT-in sədrliyi əsaslı işlər görüb. Qətnaməyə görə, ekspert qrupu Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı qiymətləndirmə aparmalıdır. ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin sözlərinə görə, oktyabrın ilk günlərində bölgədə konkret işlərə başlanılacaq. «Eskpert qrupunun tərkibinə tərəflərin və beynəlxalq təşkilatların mütəxəssisləri daxil olacaq. Onlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca bir neçə gün ərzində hər iki tərəfdə vəziyyəti öyrənəcək. Daha sonra işin nəticələri barədə hesabat hazırlanacaq»-deyə o qeyd edib. Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov müşahidə qrupunun regiona gec gəlməsindən narahatdır. O «Amerikanın səsi» radiosuna bildirib ki, ekspertlər gələndək yanğınları payız yağışları söndürək. Şöbə müdiri cənab Kaspirşikin əksinə olaraq müşahidə qrupunun da hələ təşkil edilmədiyini deyib.
XS
SM
MD
LG