Accessibility links

Azərbaycan hökuməti yüksək səviyyəli nümayəndə heyətinin Vaşinqtona səfərini təxirə salıb


Rəsmi Bakı insan hüquqlarının vəziyyəti haqqında illik hesabata edilən dəyişikliklərlə əlaqədar Amerika administrasiyasına narazılığını ifadə edərək, yüksək vəzifəli dövlət məmurlarının bu ölkəyə səfərini təxirə salıb. Söhbət Ermənistanın Dağlıq Qarabağı və onun ətrafındakı Azərbaycanın yeddi rayonunu işğal etməsi barədə ifadənin hesabatdan çıxarılmasından gedir. Bu dəyişikliklər edildikdən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 23-24-də Vaşinqtonda təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparmalı olan rəsmi nümayəndə heyətinin səfərinin təxirə salındığını bildirib. Azərbaycan tərəfindən nümayəndə heyətinin tərkibinə Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliyinin, Sərhəd Xidmətinin, Gömrük Komitəsinin, Dövlət Mühafizə Xidmətinin yüksək vəzifəli əməkdaşları daxil idi. Azərbaycan Xarici İşlər nazirliyinin açıqlamasında deyilir ki, "Ermənistan- Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, Azərbaycan və ABŞ arasında təhlükəsizlik məsələlərinə dair geniş əməkdaşlığın başlıca elementidir. Buna görə, hesabat mətninə münaqişənin məğzini təhrif edən dəyişikliklərin edilməsi aydın deyil və bitərəf vasitəçi kimi ABŞ-ın rolunu şübhə altına alır. Bu kimi addım iki ölkə arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq üçün ciddi maneələr yarada bilər». ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik nümayəndə heyətinin Vaşinqtona səfərinin yaxın zamanda yenidən gündəliyə gələcəyinə əmindir. Cənab Henik eyni zamanda Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatına edilən dəyişikliyin rəsmi Vaşinqtonun mövqeyinin ifadəsi olmadığını bildirib. Politoloq Rasim Musabəyov isə hesab edir ki, hesabatda yazılanlar erməni ictimaiyyəti üçün hesablanıb və Ermənitsan xarici işlər naziri Vardan Oskanyanın mövqeyinin dəstəklənməsinə yönəlib. Politoloq həmçinin Azərbaycan-ABŞ münasibətlərinin strateji xarakter daşıdığını və problemin bir neçə həftəyə həllini tapacağına əmindir. Cənab Musabəyovun fikrincə, Azərbaycan tərəfi hesabatda düzəliş edilən zaman etirazını bildirməli idi.
XS
SM
MD
LG