Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, 2007-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb. "Əməliyyat və döyüş hazırlığında yeni standartlar müəyyən edilib. Silahlı Qüvvələr il ərzində yeni standartlara uyğun mürəkkəb və dinamik dəyişən döyüş şəraitlərində bütün döyüş əməliyatlarının, xüsusilə də hücum əməliyyatlarının aparalımasına hazırlanıb. Yeni standartlara uyğun silahların alınmasında konkret nailiyyətlər əldə edilib". Mətbuat katibi 2007-ci ildə Azərbaycanın NATO ilə əməkdaşlığının da uğurlu olduğunu və xarici ölkələrdə keçirilən tədbirlərdə 1500-dən çox hərbiçinin iştirak etdiyini deyib. "NATO rəsmiləri də bu əməkdaşlığı yüksək qiymətləndirir. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən 159 tədbirdə mindən çox Azərbaycan hərbiçisi iştirak edib. "NATO ilə Fərdi Tərəfdaşlıq" Planı çərçivəsində Azərbaycanda 11 tədbir keçirilib və bu tədbirlərdə də 250 hərbiçimiz iştirak edib". E.Sabiroğlu bildirib ki, "Fərdi Tərəfdaşlıq" Planının ikinci mərhələsinin həyata keçirilməsi Azərbaycanın NATO ilə əməkdaşlığının əsasını təşkil edir. "Bu məqsədlə artıq 2008-2009-cu illərdə əməkdaşlığın yeni planı hazırlanıb NATO-ya təqdim edilib. 2008-ci ildə Azərbaycan hərbiçiləri NATO-nun 166 tədbirinə qatılacaq. Çavuş məktəbinin NATO standarlarına uyğunlaşdırılması isə davam etdirilir". Mətbuat katibi Müdaifə Nazirliyinin beynəlxalq əlaqələri barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanın dünyanın 50 ölkəsi ilə hərbi sahədə əlaqələri var, 21 ölkə ilə isə hərbi əməkdaşlıq sahəsində sənəd imzalanıb. "İl ərzində müdafiə naziri Səfər Əbiyev 6 xarici ölkəyə səfər edib, 6 ölkənin isə yüksək hərbi nümayəndə heyəti Azərbaycanda olub. O cümlədən, NATO-nun və ABŞ-ın yüksək hərbi heyətləri Azərbaycana səfərlər edib". Mətbuat katibi bu il atəşkəs rejiminin pozulmasının intensiv xarakter aldığını deyib. "Erməni tərəfinin öhdəlikləri pozması barədə beynəlxalq təşkilatları xəbərdar etmişik. Atəşkəs rejimi ən çox Ağdam, Tərtər, Xocavənd və Füzuli istiqamətlərində pozulur". Onun sözlərinə görə, ATƏT il ərzində qoşunların təmas xəttində 16 dəfə monitorinq keçirib. E.Sabiroğlu 2008-ci ildə hərbiçilərin vəzifə maaşlarının artırılacağını bildirib. Onun sözlərinə görə, hökumət hərbiçilərin sosial müdafiəsi sahəsində də mühüm addımlar atır. "Öətn il Ali Baş komandan 25 hərbiçiyə daimi mənzil verib. 40 hərbi qulluqçu orden və medallarla təltif edilib. 2008-ci ildə 165 mənzildən ibarət iki yaşayış binası tikilib hərbi qulluqçuların istifadəsinə veriləcək. Eyni zamanda, ölkənin müxtəlif regionlarında - Ələt qəsəbəsində, Şəmkirdə, Cəlilabadın Göytəpə qəsəbəsində hərbiçilər üçün evlərin tikintisinə başlanıb". O, 2007-ci ildə 447 nəfərin ali hərbi məktəbləri bitirərək zabit rütbəsi aldığını, 33 zabitin isə hərbi akademiyanı bitirdiyini deyib. Mətbuat katibi il ərzində orduda fərarilik halının qeydə alınmadığını bildirib. E.Sabiroğlu hərbi qulluqçuların əmək haqları, mənzil kirayə haqları, ərzaq təminatı ilə bağlı sualın cavabında hökumətin bu istiqamətdə də işlər gördüyünü diqqətə çatdırıb. Mətbuat konfransında həmçinin hərbiçilərin mənzil kirayə haqlarının, ərzaq təminatı ilə bağlı verilən vəsaitlərin mövcud qiymətlərə uyğun olmadığı və inflyasiyanın hərbiçilərin sosial durumuna təsiri də jurnalistlər tərəfindən səsləndirilib. Mətbuat katibi "Hərbi doktirina"nın layihəsinin hazır olduğunu bildirib.
XS
SM
MD
LG