Gürcüstanın müdafiə naziri David Kezeraşvili Azərbaycanda səfərdədir. O bu gün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə ikitərəfləi hərbi əməkdaşlıq, beyənlxalq və regional təhlükəsizlik, terorizmə qarşı birgə mübarizə məsələlərini müzakirə edib.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını bilidirib. «Azərbaycan Gürcüstan münasibətləri strateji xarakter daşıyır, bütün beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış edirik. İki ölkə arasındakı münasibətlər daha da dərinləşdirilməli, regionda təhlükəsizliyin qorunması və Azərbaycanla Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində səylər daim artırılmalıdır».
Cənab Kezeraşvili isə hesab edir ki, hər iki ölkənin müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlıq ölkələrin ümumi mənafelərinə xidmət edir.
Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Amerikanın səsi» radiosuna görüşün nəticələrinin müsbət adlandırıb.
Cənab Sabiroğlunun sözlərinə görə, müzakirə olunan məsələlər arasında hər iki ölkənin ümumi maraqlarını birləşdirən problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Politoloq Qabil Hüseynli də iki qonşu ölkənin hərbi əməkdaşlığının inkişafını vacib sayır. Lakin politoloqun fikrincə, hərbi əməkdaşlığın strateji xarakter alması üçün tərəflər çox işlər görməlidir.
Cənab Hüsyenli hesab edir ki, qərbə inteqrasiyada ciddi maraqları olan Gürcüstanın Azərbaycanla strateji əməkdaşlığı bu ölkənin mənafelərinə tam uyğundur və bu problemlərə qarşı birgə mübarizənin vacibliyini önə çəkir.
Politoloq strateji tərəfdaşlığın Azərbaycan üçün faydalarından da danışıb. O bu mənada Azərbaycanın neft və qazının daşındığı kəmərlərin, eyni ilə da Bakı-Tbilisi-Qars dəmir yolu və İpək yolu layihələrinin perspektivlərini yada salıb.