Accessibility links

Azəriqaz qəzaların çoxaldığını bildirir


"Azəriqaz" Səhmdar Cəmiyyəti 2008-ci ildə Dövlət Neft Şirkətindən 11 milyard 205 milyon kub metr qaz qəbul edib. Bunun 2 milyard 27 milyon kubmetri Azəri-Çıraq-Günəşli yatağından, 2 milyard 332 milyon kub metri Şahdəniz yatağından alınıb.

"Azəriqaz" Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, alınan qazın 4 milyard 953 milyon kub metri "Azərenerji" Səhmdar Cəmiyyətinə, 441 milyon kubmetri isə Gürcüstana nəql edilib. Səhmdar Cəmiyyət həmçinin əhaliyə 4 milyard 518 milyon kub metr qaz satıb.

Cənab Məlikov hazırda ölkənin 85 faizinin qazlaşdırıldığını deyib. Ötən il 4 rayona qaz verilişi bərpa edilib.

"Azəriqaz"ın prezidenti son dövrlər qazla bağlı qəzaların sayının çoxaldığını etiraf edib. Ancaq, o qəzanın səbəblərini vətəndaşlarda görür. Bu qanunsuz yolla qaz xətlərinin çəkilişi, standarta uyğun olmayan cihazların quraşdırılması, evlərin tüstü bacalarının təmizlənməməsi, rezin borulardan istifadə halları ilə bağlıdır.

İstehlakçıların Maraqlarının və Hüquqlarının müdafiəsi koalisiyasının üzvü Mehman Əliyev isə hesab edir ki, əhalinin qazla təminatında ciddi problemlər var. Xidmət davamlı, sistemli və keyfiyyətli deyil.

Cənab Əliyevin fikrincə, əhaliyə qaz maya dəyərindən dəfələrlə baha qiymətə satılır. Ancaq bunun müqabilində qaz xətləri köhnədir, itki çoxdur.

Ekspert qazın təzyiqi ilə bağlı problemlərin daha çox olduğunu diqqətə çatdırıb. Əhaliyə qaz eyni tariflə satıldığı halda, bir qrup insana qaz aşağı təzyiqlə çatdırılır.

Cənab Məlikov qazın normal təzyiqlə verilməsini mümkün sayır. Sadəcə, bəzi məntəqələrdə qazın təzyiqinin aşağı olması qaz pullarının ödənilməməsi və texniki səbəblərlə bağlıdır.


XS
SM
MD
LG