Accessibility links

Türkiyə xarici işlər naziri Azərbaycanda regional məsələləri müzakirə edib


Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycanda səfərdədir. O prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə danışıqlar aparıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlarda ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan xarici işlər naziri Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təklifini yüksək dəyərləndirib, təşəbbüsün region üçün vacibliyini və gələcəkdə reallaşması ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri Əli Babacan regionda sülhün bərqərar olmasının zəruriliyini və münaqişələrin tez bir zamanda həllinin vacibliyini bildirib. "Ermənistan-Azərbaycan münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür" - deyə o qeyd edib.

Müstəqil politoloqlar hesab edir ki, Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri prezident Abdulla Gülün fevralın 12-də Moskvaya nəzərdə tutulan səfəri ilə bağlıdır.

Politoloq Rasim Musabəyov Moskvada yüksək səviyyəli görüşlərdə Cənubi Qafqazdakı durumun diqqət mərkəzində olacağını düşünür.

Politoloq Türkiyə prezidentinin Moskva görüşünü əhəmiyyətli sayır. Çünki, iki ölkə arasında ticarət dövriyyəsi 20 milyard dolları keçib. Bu baxımdan böhrana qarşı birgə tədbirlər mühümdür. Cənab Musabəyovun fikrincə, hər iki dövlətin Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasında da təsiri böyük ola bilər. Ancaq, Rusiyanın xüsusi maraqları ortaya gələrsə bu təsirlər məna kəsb etməyəcək.


XS
SM
MD
LG