Accessibility links

Bakıelektroştamp zavodunun işçiləri sahibkarın həbsinə etiraz edir


«Bakıelektroştamp» Açıq Tipli Səhmdar Cəmiyyətin üç yüzdən çox işçisi iş yerinə buraxılmamasına etiraz olaraq piket keçirib. Etirazçılar səhmdar cəmiyyətin ofisinin qarşısına toplaşaraq iş yeri, sahibkara azadlıq şüarları səsləndirib. Səhmdar cəmiyyətin icraçı direktoru Adilxan Musayev bildirib ki, artıq üç gündür cəmiyyətin sahibkarı Nürəddin Zülfiqarlı və onun yeddi qardaşı polis tərəfindən saxlanılıb. Sonradan qardaşlardan beşi azad buraxılsa da, üçü hələ də həbsdədir. Cənab Musayev sahibkarın və qardaşlarının DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində saxlandığını bildirib. Onun sözlərinə görə, sahibkarın saxlanması və zavodun yoxlanmasının səbəbləri ilə barədə hər hansı məlumat verilmir. Səhmdar cəmiyyətin girişində polis keşik çəkir və heç kimi zavodun ərazisinə buraxmır. Nərimanov rayon polis idarəsinin əlahiddə bölüyünün komandiri Adil Talıbov Amerikanın səsi radiosuna bildirib ki, zavodda yoxlama aparılır və bu səbəbdən qısa müddətə iş dayandırılıb. O yoxlamanı kimin və hansı səbəbdən aparması ilə bağlı məlumata malik olmadığını deyib. Vəkil Aslan İsmayılov Nürəddin Zülifqarlının və onun iki qardaşının Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində saxlandığını təsdiq edib. Bununla yanaşı, vəkil indiyədək müdafiə etdiyi şəxslə görüşə imkan verilmədiyini bildirib. Yerli mətbuatın versiyasına görə, Nürəddin Zülfiqarlı hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələrinə görə saxlanıb. Ancaq bu əlaqələrin nədən ibarət olması barədə hər hansı məlumat verilmir.
XS
SM
MD
LG