Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Avropa ilə Asiyanı birləşdirəcək dəmiryol xəttinin təməlini qoyub


Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri bu gün Gürcüstanın şərqində Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisinə başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimdə iştirak edib. Dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirəcək. Ümumi dəyəri 80 milyon dollar olan layihənin 2009-cu il oktyabrın 1-nə qədər başa çatması nəzərdə tutulur. Dövlət başçıları ilk olaraq bu tarixi əbədiləşdirmək üçün xüsusi sənədə imza atıb və sonra dəmiryolu xətti ilə qatarla 200 metr məsafə qət edib. Gürcüstan prezidenti Mixail Saakaşvili şərqlə Avropanı birləşdirəcək dəmiryol xəninin tikintisini çox vacib adlandırıb. Türkiyə prezidenti Abdulla Gülün sözlərinə görə, təməli qoyulan dəmiryolu xətti sadəcə Bakı-Tbilisi-Qarsı bir-birinə bağlamır, əslində Çini Londona bağlayacaq. «Böyük bir layihədir. Çindən çıxacaq vaqonlar, lokomotivlər Xəzəri keçəcək, daha sonra Bakı-Tiflis-Qarsı keçəcək, İstanbula çatacaq. İstanbulda boğazın altında tikilməkdə olan Mərmərə layihəsinin sürətli bir şəkildə tikintisi davam edir. Boğazın altından keçəcək, Avropanı qət edəcək və oradan da Londona qədər gedəcək»-deyə o qeyd edib. Prezident İlham Əliyev Asiyanı Avropa ilə birləşdirəcək dəmiryolu xəttinin tikintisini tarixi hadisə və regionun üç dövlətinin arasındakı əməkdaşlığın yaxşı nümunəsi kimi xarakterizə edib. «Şübhəsiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir. Bu layihə uzun illərdir ki, müzakirə olunurdu, ancaq layihənin gələcəyi qeyri-müəyyən idi. Uzun illər ərzində müxtəlif beynəlxalq maliyyə qurumları ilə, beynəlxalq təşkilatlarla apardığımız danışıqlar, əfsuslar olsun ki, heç bir nəticə verməmişdi. Ancaq bu gün bizim ölkələrimiz öz iradəsini ortaya qoyaraq, bu layihəni özümüz həll edirik. Bütün maliyyə məsələləri, texniki məsələlər həllini tapıb, texniki-iqtisadi əsaslandırma hazırdır və yolun tikintisinə başlayırıq. Yolun tikintisi bütün bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət kəsb edir və əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bölgəyə daha da çox təhlükəsizlik, daha da çox əməkdaşlıq gətirəcək. Bu imkanlardan istifadə edən ölkələr regional əməkdaşlıq baxımından da bir-birinə yaxın olacaq».
XS
SM
MD
LG