Accessibility links

Azərbaycanda korrupsiya barometri yüksəkdir


Beynəlxalq Şəffaflıq“ (Transparency International) təşkilatının dünya ölkələrində rüşvətlə bağlı keçirdiyi sorğuda Azərbaycan ən yüksək yerləri bölüşür. Dünya Korrupsiyasının Barometri adlanan illik sorğuya görə, Azərbaycanda ailələrin 46 faizi rüşvət verdiyini etiraf edib. Rəyi soruşulanların 49 faizi dövlət idarələrinə, 29 faizi ədliyyə sisteminə, 16 faizi biznes qurumlarına, 4 faizi parlament institutuna, 1 faizi siyasi partiyalara və 1 faizi mediaya rüşvət verdiyini bildirib.
Sorğuda iştirak edənlərin 62 faizi hökumətin korrupsiyaya qarşı mübarizəsindən narazıdır. Respondentlər hesab edir ki, hökumətin mübarizəsinin nəticələri korrupsiyanın səviyyəsinin azaldılmasına yönəlməyib.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov hesabatın reallığı əks etdirdiyini deyir. Amma o hökumətin mübarizəsini səmərəsiz adlandırmağın əleyhinədir.
Deputat hesab edir ki, korrupsiya və rüşvətə qarşı kifayət qədər səmərəli mübarizəni özündə ehtiva edən qanunvericilik bazası var. Sadəcə, günahı qanunun icra vəziyyətində axtarmaq lazımdır. Cənab Məmmədov Nazirlər Kabinetinin prezidentin dövlət məmurlarının gəlir deklarasiyası ilə bağlı sərəncamını yerinə yetirməməsini etiraf etsə də, bunu hökumətin fəaliyyətsizliyi kimi qiymətləndirmir.
Müxalifətdə olan AXCP sədri Əli Kərimli daha sərt mövqedə dayanır. O hesab edir ki, korrupsiya dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Cənab Kərimlinin fikrincə, hökumət korrupsiyaya qarşı nəinki səmərəsiz, ümumiyyətlə mübarizə aparmır. Korrupsiya ölkənin demokratik idarəçiliyinə ciddi zərbə vurur.
AXCP sədri hesab edir ki, korrupsiyaya qarşı mübarizəni təşkil etmək üçün ilk öncə korrupsiyaya qarşı mübarizə aparan qurumları korrupsioner məmurlardan təmizləmək lazımdır.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da hesabatı real sayır. Onun fikrincə, əhalinin əksəriyyətinin müraciət etdiyi dövlət orqanlardan şikayətlər daha çoxdur.
Ekspert dövlət orqanlarında rüşvət hallarının əsas səbəbləri kimi məmurların fəaliyyətinə nəzarətin zəif olması, əhalinin maariflənməsi işinin pis təşkili və şəffaflığın olmamasını göstərir.



XS
SM
MD
LG