Bu gün dünyada beynəlxalq Ahıllar günü qeyd olunur. Azərbaycanda ahıllar əhalinin yalnız 4 faizini təşkil edir. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu (UNFPA) bu gün Beynəlxalq Ahıllar Gününə həsr olunmuş foto sərgi keçirib. Azərbaycan gənclər ölkəsi olmasına baxmayaraq dünyada digər yaş qrupları ilə müqayisədə ahılların sayı daha sürətlə artır. İnkişaf etmiş ölkələrdə ahılların sayı uşaqların sayından daha çoxdur. BMT-nin Əhali Fondu hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə reproduktiv sağlamlıq və ailə planlaşdırılması proqramlarının müvəffəqiyyətlə icrası sayəsində doğuş səviyyəsinin aşağı enməsi ahılların sayının artmasına səbəb olub.
BMT-nin hesablamalarına görə “hal-hazırda hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər beş nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər üç nəfərdən biri 60 və daha yuxarı yaşda olacaq”.
BMT Baş katibi Ban Ki munun Beynəlxalq Ahıllar Günü münasibəti ilə müraciətində dyelir ki, əhalinin yaşlanması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mühüm iqtisadi və sosial problemlərin yaranmasına səbəb olur. «Narahatlıq doğuran statistikaya əsasən dünya əhalisinin təxminən 80 faizi ahıl yaşlarında sosial müdafiədən kənarda qalır. Davamlı pensiya proqramları və yeni sosial müdafiə tədbirləri vasitəsi ilə sayı artmaqda olan yaşlı insanlara iqtisadi yardım göstərilməsi yollarının axtarışı, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün, olduqca mürəkkəb bir vəzifədir».