Accessibility links

Amerika Azərbaycanda epidemioloji laboratoriyalar tikir


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi, ABŞ Müdafiə Departamentinin istefada olan kontr-admiralı Con Bört, Azərbaycan dövlət rəsmiləri ilə birlikdə İmişli və Sabirabad rayonlarında epidemioloji laboratoriyaların təməl qoyma mərasimində iştirak edib.
Laboratoriyalar ABŞ Müdafiə Departamenti ilə Azərbaycan arasında Bioloji Təhlükənin Azaldılması Proqramı üzrə ikitərəfli əməkdaşlıq çərçivəsində tikiləcək.
Səfir Enn Dersi bildirib ki, Amerika hökuməti proqram çərçivəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukrayna tərəfdaşları ilə dövlət, regional və rayon səviyyələrində xəstəliklərə nəzarət və diaqnostika aparmaq üçün şəbəkələrin inkişafına dəstək verir.
Xanım Dersi XXIV əsrdə Avropa əhalisinin üçdə bir hissəsindən çoxunun həyatına son qoyan taun xəstəliyinin Çin və Mərkəzi Asiyadan “İpək Yolu” boyunca yayıldığını yada salıb. Lakin bu gün ki, dünya daha sürətlidir. “İpək Yolu”nu fəth etmək üçün artıq aylar və illər tələb olunmur. Təbii ki, xəstəliklər də daha yüksək sürətlə yayıla bilir.
ABŞ ilkin olaraq laboratoriyaların tikintisi və avadanlıqla təchizatına 2 milyon 200 min dollar vəsait ayırıb.
Kənd Təsərrüfatı nazirliyinin nümayəndəsi Elman Abbasov ABŞ hökumətinin infeksion xəstəliklərə qarşı mübarizədə Azərbaycana yaxından kömək etdiyini deyib. Onun sözlərinə görə, ABŞ hökumətinin yardımı ilə Bakıda tikilmiş daha bir müasir laboratoriya bu günlərdə istifadəyə veriləcək.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov bildirib ki, yeni tikiləcək laboratoriyalar regionun 11 rayonunda infeksion xəstəliklərin vaxtında müəyyən edilməsi və xəstəliyə tutulma riskinin azaldılmasına yardım edəcək. Onun fikrincə, regionun iqtisadi inkişafında maldarlıq, heyvandarlıq və quşçuluq mühüm yer tutur.
İmişli rayon taun əleyhinə rayonlararası şöbənin rəisi Mübariz Rəsulov hesab edir ki, yeni laboratoriyalar xüsusi təhlükəli infeksiyaların gəmiricilər, ağcaqanadlar və digər canlılar vasitəsi ilə yayılmasının qarşısının alınmasında regionda yaşayan insanlara yaxından kömək edəcək.

XS
SM
MD
LG