Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevin ABŞ Avropa Komandanlığının Komandan müavini general Çarlz Voldun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərində Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Cənab Əliyev ABŞ nümayəndə heyətinin səfərinin iki ölkə arasında hərbi sahədə əməkdaşlığa töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumata görə, görüşdə nazir Səfər Əbiyev qeyd edib ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq həm ikitərəfli, həm də NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində davam etdirilir.
Cənab Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri haqqında da Çarlz Voldla fikir mübadiləsi aparıb. Nazir deyib: “Münaqişənin həll edilməməsi regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbidir. Azərbaycan bu münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir və əldə etdiyi qeyri-qanuni silah-sursatı işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir. Ermənistan beynəlxalq hüquq normalarına riayət etməli və işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaltmalıdır. Dünya ictimaiyyəti onu buna məcbur etməlidir. Əgər belə olmasa, bu, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxara bilər.”
Çarlz Vold Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində nailiyyətlər əldə etməsini vurğulayıb və qeyd edib ki, İPAP-ın uğurla yerinə yetirilməsi Azərbaycanı bu hərbi təşkilata daha da yaxınlaşdıracaqdır.
Çarlz Vold bildirib ki, münaqişənin diplomatik yolla həlli hər iki dövlətin xeyrinə olardı. «ABŞ münaqişənin həlli istiqamətində səylərini artırır».