Accessibility links

Əhməd Davutoğlu: `Türkiyə Cənubi Qafqazı münaqişələrdən azad bölgə kimi görür`


Türkiyə Cənubi Qafqazın gələcəyini iqtisadi cəhətdən inkişaf etmiş və regiondaxili münaqişələrdən azad bölgə kimi görür. Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O, Türkiyənin bölgədəki siyasi oyunçulara, o cümlədən Ermənistana mesajını çatdırıb. “İşğal və gərginlik aradan qaldırılmalıdır”. Nazirin sözlərinə görə, dondurulmuş münaqişələr istənilən vaxt bərpa oluna bilər. “Münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsi zəruridir”.
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü ərəfəsində cənab Davutoğlu dünya ictimaiyyətini, xüsusən ATƏT-in Minsk qrupu həmsədrlərini son vaxtlar nizamlanma üzrə danışıqlarda əldə edilmiş müsbət irəliləyişləri əldən verməmək məqsədilə səylərini artırmağa çağırıb. “Söhbət yalnız Azərbaycan və Ermənistan arasında görüşlərdən deyil, ümumiyyətlə, regionda diplomatik fəallıqdan gedir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş paralel olaraq digər regional məsələlərin həllinə şərait yarada bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti və Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü üzrə səyləri Qarabağ münaqişəsinin həllinə nail olmağa şərait yarada bilər”.
Nazir rəsmi Ankaranın, iki dövlətin ortaq maraqlarını nəzərə alaraq, Bakı ilə sıx qarşılıqlı fəaliyyət göstərmək niyyətində olduğunu bildirib. “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü bizim üçün çox vacibdir. Biz sadəcə qardaş ölkələr deyilik, həm də strateji tərəfdaşıq. Türkiyə tarix boyu Azərbaycanın yanında olub, bundan sonra da belə olacaq”. Nazir Məmmədyarov isə bildirib ki, Qarabağ mövzusu ilə yanaşı, həmçinin, iqtisadi, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. “İki ölkə arasında ticarət dövriyyəsinin 2 mlrd. dollara çatmasına baxmayaraq, hesab edirik ki, əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi üçün potensial var”.
Müstəqil politoloqlar Türkiyə xarici işlər nazirinin Azərbaycana səfərini müsbət qarşılayır. Onların qənaətincə, hər iki dövlətin regional maraqları üst-üstə düşür. Politoloq Rasim Musabəyov isə hesab edir ki, Türkiyə və Azərbaycanın birgə əlaqələndirilmiş xarici siyasət aparması vacibdir. Bu baxımdan nazirlər regional münaqişələrin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və məsələnin yenidən BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə qaytarmaq ətrafında da fikir mübadiləsi aparıb.


XS
SM
MD
LG