Accessibility links

Səfir Enn Dersi: Azərbaycanda mətbuat azadlığı, azad toplaşma və seçkiqabağı dövrdə siyasi iştirak narahatlıq doğurur


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ABŞ Dövlət Departamentinin İnsan Haqlarına aid illik hesabatı ilə bağlı Azərbaycanın hüquq müdafiəçilərilə görüş keçirib. Səfir bildirib ki, Amerika da daxil olmaqla, dünyanın heç bir ölkəsində insan haqlarına baxış təkmil deyil. Xanım Dersi təəssüflə bildirib ki, Azərbaycan üzrə 2007-ci ilin hesabatı ümumiyyətlə nəzərəçarpan inkişaf əks etdirmir. “Bir sıra sahələrdə aşkar geriləmə müşahidə etmişik”. Onun sözlərinə görə, mətbuat azadlığı ən çox narahatlıq doğuran sahədir. "Jurnalistlərə qarşı zorakı cinayətlər davam edib. Elmar Hüseynovun qətli də daxil olmaqla, bu əməlləri törədənlər cəzasız qalıb, böhtan maddəsi ilə məhkəmələrin sayı artıb. İlin sonunda verilən əfv fərmanına baxmayaraq, bir neçə jurnalist hələ də məhkumdur". E.Dersi deyib ki, xüsusilə seçki ili olduğundan, azad toplaşmaq əsas narahatedici məqamlardan biridir. "Demokratiya şəraitində yaşayan vətəndaşlar azad, dinc toplaşıb siyasi düşüncələrini ifadə etmək hüququna malik olmalıdır. Dörd insanın ölümü ilə nəticələnən hallar da daxil olmaqla, hərbçilər, təhlükəsizlik və polis orqanlarının əməkdaşları tərəfindən törədilən işgəncələrin sayının artması hesabatda əks olunub". Onun sözlərinə görə, hesabatda müsbət məqamlar da əksini tapıb. "Hökumət qaçqın və köçkünləri çadır düşərgələrindən yeni evlərə köçürüb. Biz bu addımı alqışlayırıq. 2006-cı ildə müvəqqəti bağlanmasından sonra, ANS televiziyasına 6 illik lisenziya verilib. Hökumət beynəlxalq standartlara uyğun rəqabətli imtahandan çıxmış 55 yeni hakim təyin edib". Səfir ABŞ-ı ən çox narahat edən məqamları da sadalayıb. "Mətbuat azadlığı, azad toplaşma və seçkiqabağı dövrdə siyasi iştirak bu ilin oktyabrında azad və ədalətli seçkilərin keçirilməsi üçün əsas olacaq", - deyə o qeyd edib Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova hesab edir ki, Dövlət Departamenti insan haqları üzrə hesabatın hazırlanma mexanizmini dəyişməlidir. Onun fikrincə, demokratik ənənələrə yiyələnmiş ölkələrlə, yeni inkişaf yolunda olan ölkələrə münasibət fərqli olmalıdır. Hüquq müdafiəçisi Səidə Qocamanlı hesabatın reallığı tam və dolğun əks etdirdiyini bildirib. Onun dediyinə görə, beynəlxalq ictimaiyyətin tənqidlərinə baxmayaraq ölkədə insanların fundamental hüquqlarının pozulması halları indi də davam edir. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı hesabatı qərəzli adlandırıb. Onun cavabından belə çıxır ki, Azərbaycan da dünyada insan haqları üzrə hesabat hazırlayır və bu hesabatda Amerika ilk sıradadır. Cənab Qurbanlı hesab edir ki, hesabat hazırlanarkən bütün tərəflərin fikri nəzərə alınmalıdır.
XS
SM
MD
LG