Avropa Şurasının baş katibi Terri Devis, AŞ Nazirlər Komitəsinin rəhbəri Samuel Zboqar və AŞ Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç Azərbaycanda QHT-lər haqqında qanuna təklif edilən düzəlişlərlə bağlı narahatlıqlarını bildirib.
AŞ-nin rəhbərlərinin birgə bəyanatında deyilir ki, Azərbaycanda QHT-lərin və KİV-in işini tənzimləyən qanunvericiliyə təklif edilən bəzi düzəlişlər bizi çox narahat edir. “Təklif edilən düzəlişlər, göründüyü kimi, cümə günü parlament tərəfindən qəbul ediləcək və Azərbaycanda ifadə azadlığına və vətəndaş cəmiyyətinin normal fəaliyyətinə ciddi maneələr yarada bilər. Bu düzəlişlər hətta Bakıda Avropa Şurasının siyasi araşdırmalar məktəbinin bağlanmasına gətirib çıxara bilər. Biz hakimiyyəti təklif edilən düzəlişlərlə bağlı qərarın qəbulunu təxirə salmağa çağırırıq. Avropa Şurası istənilən dəyişikliklərin Avropa Şurasının demokratiya və insan hüquqları sahəsində standartlarına uyğunlaşdırılmasına yardım etməyə hazırdır”.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də Azərbaycanın vətəndaş cəmiyyətinin və ölkədəki beynəlxalq tərəfdaşların dəfələrlə səsləndirdiyi narahatçılığı bölüşdüyünü bəyan edir. “QHT-lər demokratik inkişafa töhfə verən əsas amildir və müasir
demokratik cəmiyyətin tərkib hissəsidir. Bu dəyişikliklər təsvir olunmuş kimi qəbul olunsa beynəlxalq standartlara ziddiyyət təşkil edəcək, söz və təşkilatlanma azadlığına
əlavə məhdudiyyətlər tətbiq etmiş olacaq və Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafını əngəlləmiş olacaq”.
Səfir dəyişiklikləri qəbul edənə qədər Azərbaycandakı vətəndaş cəmiyyətinin
nümayəndələri tərəfindən irəli sürülən təkliflər və Avropa Şurasının
Venesiya Komissiyası ilə aparılan məsləhətləşmələr də daxil olmaqla,
açıq müzakirələrin keçirilməsinə çağırır.
Təklif edilən dəyişiklik və düzəlişlər Azərbaycanda da geniş narahatçılığa səbəb olub. Çoxsaylı QHT-lər yeni sənədin parlamentin müzakirəsinə təqdim edilməsinə etiraz edir.