Accessibility links

Azərbaycan daxili işlər naziri jurnalistləri qərəzli yazılar yazmaqdan çəkinməyə çağırır


"Azərbaycanda daxili sabitlik hökm sürür. Doğrudur 1990-cı illərin əvvəllərində Azərbaycan çox böyük imtahana çəkilmişdi. Lakin o da həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra qısa bir müddətdə həm ictimai-siyasi, həm də daxili sabitlik bərqərar oldu və bu gün də sabitlik hökm sürür". Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov Amerikanın səsi radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətini uğurla davam etdirən prezident İlham Əliyev Azərbaycanda bir tərəfdən davamlı iqtisadi yüksəliş, digər tərəfdən isə sosial müdafiənin inkişafı üçün çox yaxşı zəmin yaradıb: "Bunun əsasında da ictimai-siyasi sabilik mövcuddur. Vətəndaşlar, müəyyən siyasi qüvvələr arasında yaxınlaşma və mülayimləşmə var. Eyni zamanda, kriminogen durumun tam nəzarətdə saxlanılması üçün çox ciddi tədbirlər görülür. Daxili sabitlik normaldır və bu sahədə olan uğurlar əvvəlki illərdə olduğu kimi qorunub saxlanılır". O, mətbuat-polis münasibətləri barədə danışarkən bildirib ki, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanları daim mətbuatın köməyindən istifadə edir: "Bu da təbiidir. Polisin fəaliyyətilə bağlı yaranmış problemlərin aradan qaldırılması, cinayətkarlığa, xüsusilə onun ağır növlərinə qarşı uğurlu mübarizə aparmaq üçün KİV-in köməyi əvəzsizdir. Bunu nəzərə alaraq mətbuatla əlaqələrin daha da yaxşılaşdırılması üçün daim lazımi tədbirlər görürük". Nazir təssüflə qeyd edib ki, bəzi mətbuat orqanları polis haqqında reallığa söykənməyən, daha çox siyasi sifarişlə yazılan məqalələr dərc edir və bu da narahatlıq doğurur: "Ancaq nədənsə həmin mətbuat orqanları cinayətkarlığa qarşı aparılan uğurlu mübarizəni işıqlandırmır. Şübhəsiz ki, polisin fəaliyyətində nöqsanlar da var. Bunu hər hansı müxalif və ya müstəqil qəzetin yazması müsbət haldır. Mövcud nöqsanları biz də görürük. Lakin ayrı-ayrı polis əməkdaşlarının fəaliyyətində olan nöqsanı, qanunsuz hərəkəti böyük bir kollektivin, şəxsi heyətin adına yazmaq ədalətsizlikdir. Biz belə jurnalistləri qərəzli məqalələr yazmaqdan çəkinməyə çağırırıq". "Daxili İşlər Nazirliyi beş mətbuat orqanına qarşı iddia irəli sürüb. Onları bağışlaya bilərsinizmi" sualına isə R.Usubov belə cavab verib: "Fikrimiz KİV əməkdaşlarını məhkəmə vasitəsilə cinayət məsuliyyətinə cəlb etdirmək deyil. Polisin şərəf və ləyaqətini qəsdən alçaltmaq istəyən jurnalistlərin qanun qarşısında cavabdehlik hissini artırmaqdır. Əgər həmin jurnalistlər məhkəmə araşdırması zamanı həqiqətə söykənməyən böhtan yazılarından imtina etsələr, qərəzli yazdıqlarını etiraf etsələr və təkzib versələr, onları bağışlaya bilərik. Biz qətiyyən polis-jurnalist qarşıdurması yaratmaq fikrində deyilik. Belə fikirlərdən çox-çox uzaqıq. Məsələn, "Milli yol" qəzeti rəsmi təkzib verdi və üzr istədi. Bununla da kifayətləndik və hesab edirəm ki, iddiamız artıq təmin edilib". General-polkovink Ramil Usubov ötən şənbə Mətbuat Şurasının üzvləri, İnformasiya agentliklərinin rəhbərləri və aparıcı KİV redaktorları ilə apardığı müzakirlərin nəticələrinə də aydınlıq gətirib. "Hər bir halda görüşümün əsas məqsədi daxili işlər orqanları ilə mətbuat arasında münasibətlərin normal məcraya yönəldilməsi və daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı məlumatların real faktlara söykənməsi idi. Mətbuat işçilərinə çatdırdıq ki, qərəzli yazılar demokratik ənənələrin inkişafına və cəmiyyətimizə xeyir gətirmir"-deyə o qeyd edib. O Azərbaycan Daxili İşlər Nazirliyinin benyəlxalq əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini bildirib. «Daxili İşlər orqanları Avropa ölkələri və ABŞ polisinin təcrübəsinin öyrəniləmsi üçün əlaqlərin daha irəli getməsində maraqlıdır. Polis haqqında qunanuvericilik Avropa ekspertləri tərəfindən ekpertiza edibi. Təcrübə mübadiləsi sahəsində çoxsaylı treyninqlər keçirilib. Azərböycan polisinin yüzdən çox əməkdaşı ABŞ-da təcrübə keçib. Terrorizm, mütəşşəkil cinayətkarlığa, narkotiklərin qansunz dövriyyəsi və insan qaçaqmalçılığına qarşı mübarizə sahəsində kifayət qədər yaxşı əməkdalıq edirik».
XS
SM
MD
LG