Accessibility links

Azərbaycan məhkəməsi Əl-Qaidə ilə əlaqəsi olan terrorçu dəstə üzvlərinə hökm oxuyub


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrup yaratmaqda ittiham edilən Səudiyyə Ərəbistanı vətəndaşı Əbu-Cəfər ləqəbli Nail Əbdül Kərimin və daha 17 nəfərin işi üzrə proses başa çatdırıb.

Məhkəmə Əbu-Cəfəri əmlakı müsadirə olunmadan, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il, Əli Malik ləqəbli Elçin Əlimirzəyevi də eyni şərtlərlə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Qrupun digər üzvləri isə 3 ildən 9 ilədək müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, Əbu-Cəfər "Əl-Qaidə" və "Əl-Cihad" beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olub. Əbu-Cəfərin qrupu beynəlxalq terrorçu qurumlardan maliyyə yardımı alıb. Əbu-Cəfər Gürcüstanın Pankis dərəsində hazırlıq keçib və 6 il ərzində Çeçenistan və Dağıstanda döyüş əməliyyatlarında iştirak edib. O 2007-ci ilin yayında Azərbaycana gəlib və əvvəllər Çeçenistanda döyüşmüş şəxslərdən və radikal vəhhabilərdən ibarət qanunsuz silahlı qrup yaradıb. 2007-ci il noyabrın 6-da Azərbaycan Milli Təhlükəsizlik naziri başda Əbu Cəfər olmaqla dini ekstremist qrupun saxlanması üçün noyabrın 2-3-də xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayıb. Məlumata görə, qrup qanunsuz hərbi birləşmələrdə iştirak edən, radikal vəhhabilərdən və digər ekstremist ünsürlərdən təşkil edilib. 2007-ci il sentyabrın 26-da qrupa qarşı Sumqayıtda keçirilən birinci əməliyyat zamanı Qusar rayon sakini Telman Abdullayev silahlı müqavimət göstərərək, iki polisi yaralayıb və cinayət yerindən qaçıb. Onun barəsində cinayət işi ayrıca icraata ayrılıb. Daha sonra hüquq-mühafizə orqanları qrupun 5 üzvünü, oktyabrın 10-da isə qrupun bir üzvü həbs edilib, onunla birgə olan Əbu Cəfər silahlı müqvimət göstərib və qaça bilib. Nəhayət noyabrın 3-də silahlı müqavimət göstərməsinə baxmayaraq Əbu Cəfər və digər üç nəfər həbs edilib.

Qrup üzvlərindən Kalaşnikov avtomatı, üç tapança, 12 qranat, 1 kq-dan çox trotil şaşkası, 4 metr bikford fitili, 91 detonator, 600-dən çox patron və s. müsadirə edilərək, götürülüb.

XS
SM
MD
LG