Accessibility links

Azərbaycanda olimpiya oyunlarının ekoloji vəziyyətə təsiri ilə bağlı dinləmə keçirilib


Beynəlxalq ekspertlər Azərbaycanda olimpiya oyunlarının ekoloji vəziyyətə təsiri ilə bağlı dinləmələr keçirib. Belə ki, Azərbaycan hökuməti yüz illər ərzində neftlə çirklənmiş Bibiheybət ərazisində Olimpiya parkı salınması ideyası ilə çıxış edib. Beynəlxalq ekspert Andereas Abod bildirib ki, idman və ekologiya məsələlərə həsr olunmuş ekspert dinləmələri faydalı olub. "Azərbaycan atalar sözündə deyilir ki, sağlam bədəndə sağlam ruh olar. Sağlam ruhun olması üçün isə sağlam ekoloji durum yaradılmalıdır. Bu gün Afina ekologiya təşkilatının eksperti Afina olimpiadasında ekoloji proqramların səmərəliliyi, digər ekspert yaşıl məqsəd konsepsiyasının 2006-cı il dünya futbol çempionatına necə təsir etdiyindən danışıb. Ekspertlər həm də Bibiheybət konsepsiyası barədə məlumat verib”. Ekspert Hartmut Stahe bildirib ki, idman tədbirlərinin ekoloji vəziyyətə zərərli təsirini minimuma endirmək üçün ciddi tədbirlər həyata keçirilməlidir. Azərbaycan 2016-cı il olimpiya oyunlarına iddialı kimi idman tədbirləri zamanı ekoloji ziyanı minimuma endirməli, enerjidən və sudan az istifadəni təmin etməlidir. "Hər bir olimpiya oyunu və dünya futbol çempionatı ekoloji durumu yaxşılaşdıran mühüm vasitədir. Bu təkcə stadionlar üçün deyil, ev sahibliyi edən ölkələr üçün də böyük vasitədir. Ev sahibi şəhərdə sənayenin ekoloji vəziyyətə təsiri minimuma endirilməlidir. Beynəlxalq idman oyunları həm də beynəlxalq ictimaiyyətin ekoloji cəhətdən maarifləndirilməsi üçün mühüm vasitədir. 2016-cı il olimpiadasına iddialı Bakı şəhərinin Bibiheybət konsepsiyası çox ambisiyalı layihədir. Eyni zamanda, Bibiheybət ərazisinin təmizləməsi böyük ölkəyə uğur gətirə bilər”. Doktor Paul Baaber Bibiheybət neft mədəninin ərazisinin təmizlənərək Olimpiya parkının salınması planını çox bahalı layihə adlandırıb."Bu layihənin həyata keçirilməsi nəinki Cənubi Qafqazda, eləcə də Xəzər regionunda ekoloji proqramların başlanmasına təkan verə bilər. Belə ərazilərin bir hektarının təmizlənməsi Avropada 1 milyondan 5 milyonadək avroya başa gəlir. Bibiheybətin ərazisi isə 500 hektardır". Suallara cavabda doktor Uve Vater bildirib ki, hazırki anda Bakı ekoloji cəhətdən idman yarışları keçirilən şəhərlərə bənzəmir. "Məsələn, Afina olimpiadasında ən böyük problem nəqliyyatın sıxlığı və məişət tullantılarının pis idarə edilməsi idi. Əhali də həm biganə, həm də bu sahədə görülən işlərdən xəbərsiz idi. Amma problem həllini tapdı". Ekspertlər hesab edir ki, Bibiheybət ərazisində Olimpiya parkı salınarsa, orada Azərbaycanda xalq arasında populyar olan qədim idman növlərinin simvolları əksini tapmalıdır. Milli Olimpiyada Komitəsinin sədr müavini Çingiz Hüseynzadənin dediyinə görə, Bibiheybətdə Olimpiya Parkının salınmaması Bakının 2016-cı il olimpiya oyunlarına namizəd şəhərlər sırasına daxil olub-olmamasından sonra bəlli olacaq. Namizəd şəhərlər isə bu ilin iyununda élan ediləcək. Hazırda iddialı kimi 7 şəhər çıxış edir. Ancaq bununla yanaşı, ərazinin təmizlənməsi mütləqdir və bu barədə artıq hökumətin qərarı var. Onun fikrincə, Azərbaycanın Olimpiya sifariş kitabı çox uğurludur.
XS
SM
MD
LG