Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri əleyhinə yönəlmiş çıxışları kəskin tənqid edib 


Sabiq səhiyyə naziri Əli İnsanov və digərlərinin işi üzrə məhkəmə prosesi davam edir. Sabiq nazir bu günki iclasda iqtidarda olan "Yeni Azərbaycan" partiyasının sədr müavini Əli Əhmədovun bəyanatlarına kəskin reaksiya verib. Cənab Əhmədov Əli İnsanovun məhkəmədəki ittihamedici çıxışlarına «Azərbaycan» qəzetinə müsahibəsində cavab verib. Cənab İnsanov bildirib ki, ona qarşı bütün çıxışlar YAP sədri olan ölkə prezidentindən gəlir. «Mənə qarşı bütün çıxışlar prezidentdən gəlir. YAP sədrinin müavini Əli Əhmədov deyir ki, Əli İnsanov cinayətkardır və cəzalandırılmalıdr. O YAP-da ikinci şəxsdir. Əgər o belə danışırsa, deməli mənə qarşı bütün bu çıxışlar prezidentdən gəlir. Artıq aydındır ki, mənim məsələm həll olunub, onda mənim barəmdə hökm oxuyun çıxım gedim. Əgər mənim haqqımda qərar artıq qəbul edilibsə, onda bu qədər vaxtı hədər yerə vermək nəyə lazımdır»-deyə o məhkəmə heyətinə müraciət edib. Cənab İnsanov tələbə qəbulu üzrə dövlət komissiyasının sədri Məleykə Abbaszadənin və Prezident Aparatının hümanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin məhkəməyə çağırılması haqqında təkrar vəsatətlə çıxış edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Keçmiş nazir bildirib ki, həbsindən əvvəl xanım Abbaszadə prezidentə onun tibb texnikumuna qanunsuz tələbə yerləşdirdiyini yazıb. «Amma yaxşı olardı ki, məhkəmə az bal toplamış 500 abituryentin ali məktəbə necə yerləşdirilməsini, onların valideynlərindən alınmış 5 milyon dolların hara və kimə verilməsini araşdırsın. Onların arasında 12 bal toplayıb tibb universitetinə girənlər var». YAP icra katibinin müavini Mübariz Qurbanlı isə «Amerikanın səsi» radiosuna cənab İnsanovun dediklərini əsassız adlandırıb. Onun sözlərinə görə, keçmiş nazir belə bəyanatlarla ictimai diqqəti ona qarşı irəli sürülən ittihamlardan yayındırmaq istəyir.
XS
SM
MD
LG