Accessibility links

Azərbaycanın sabiq səhiyyə nazirinin məhkəməsi davam edir


Ağır Cinayət İşləri üzrə Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanov və digər on nəfərin məhkəmə prosesi davam edib. İclas dövlət ittihamçısınını ittiham aktını elan etməsi ilə başlayıb. Daha sonra hakim müttəhimlərdən özlərini günahkar sayıb saymadıqlarını soruşub. İki nəfər istisna olmaqla, bütün müttəhimlər özlərini günahkar saymadığını bildirib. Cənab İnsanov isə yenidən məhkəmənin, istintaqın və hakimiyyətin ünvanına kəskin ittihamlarla çıxış edib. "Mənim həbsim siyasi sifarişdi və bu sifariş "Yeni Azərbaycan" partiyasını işğal edənlər tərəfindən verilib. Məhz onlar məni həbsxanaya salıb. Mən bu dövləti qururdum, onlar isə ciddi siyasi rəqib olduğum üçün məni aradan götürmək qərarına gəliblər" - deyə o bildirib. Sabiq səhiyyə naziri məhkəməni Stalin rejiminin repressiya illərinin məşhur "troyka"sı ilə müqaisə edib. O həmçinin müstəqil və müxalif mətbuatın nümayəndələrinin məhkəmə prosesinə buraxılmamasını kəskin tənqid edib. "Mən vəkillərin qanuni vəsatətlərini təmin etməyən, müstəqil mətbuatı prosesə buraxmayan məhkəməyə etibar etmirəm. Burada bir şey deyilir, qəzetlər isə tamam başqa şey yazır. Nəyə görə istintaq güya mənim evimdə axtarış zamanı tapılan qızıl külçələrin haradan işə daxil edildiyinə cavab vermir" - deyə o qeyd edib. Məhkəmə açıq olsa da insanları məhkəmə zalına seçmə üsulu ilə buraxıblar. Belə ki, öncə jurnalistlərin vəsiqələri yığılır və sonra yalnız bir neçə jurnalist məhkəmə zalına dəvət edilir. Bu gün də müxalifyönümlü, müstəqil, o cümlədən xarici ölkə mətbuatının çoxsaylı jurnalistləri məhkəməyə buraxılmayıb. Mərkəzi qərarcahı Parisdə yerləşən «Sərhədsiz Reportyorlar» təşkilatı jurnalistlərə qarşı ayrısekiliyi yolverilməz adlandırıb və məhkəmədən bu hərəkətlərə hüquqi qiymət verilməsini xahiş edib. Reportyorların Təhlükəsizliyi və Azadlığı institutunun direktoru Emin Hüseyn isə Ağır Cinayət işlərinə dair məhkəmədə jurnalistlərə qarşı baş verən ayrısekiliklə bağlı məhkəməyə müraciət ediləcəyini bildirib. Cənab Hüseyn hesab edir ki, jurnalistlərin məhkəməyə buraxılmasında ayrıseçkiliyə yol verilməsi sabiq səhiyyə nazirinin kəskin tənqidi çıxışlarının ictimai diqqətdən kənar saxlamaq cəhdi ilə bağlıdır. Əli İnsanovun hüquqlarının ictimai müdafiə komitəsinin sədri Rizvan Talıbov da məhkəmə zalına buraxılamyıb. O da son zaman kəskin bəyantlarla çıxış edir. Məhkəmə prosesini həmçinin ATƏT-in ekspertləri monitorinq edir. Onların sözlərinə görə, ilin sonunda Azərbaycan məhkəməlirndə apardıqları monitorinqin nəticəsi olaraq hesabat hazırlanacaq və sabiq səhiyyə nazirinin məhkəmsi də bu hesabata daxil ediləcək.
XS
SM
MD
LG