Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri məhkəmə zalında hökuməti kəskin tənqid edib


Bakı Apellyasiya məhkəməsində hakim Qalib Məmmədovun sədrliyilə sabiq səhiyyə naziri Əli İnsanovun və digərlərinin apellyasiya şikayətinin baxışı sona çatıb. Məhkəmə Ağır Cinayətlərə dair Məhkəmənin Əli İnsanova qarşı 11 il, onun bacısı oğlu Anar Namazova qarşı 7 il altı ay və Eldar Rzayevə qarşı 7 il həbs qərarını dəyişmədən qüvvədə saxlayıb. Bununla yanaşı, Apellyasiya məhkəməsi səhiyyə nazirliyinin sabiq işçiləri Pərviz Kazımovun və Fəxrəddin Abbasovun ev dustaqlığı dövrünü cəza müddəti kimi qəbul edib. Bu nəzərə alınaraq, onlar həbsxanada 7 il yarım deyil, 5 il yarım müddətində qalacaq. Lakin, sabiq səhiyyə nazirinin bacısı oğlu Anar Namazova münasibətdə Apellyasiya məhkəməsi ev dustaqlığı dövrünü cəza müddəti saymayıb. Məhkəmə həmçinin nazirliyin apteklər idarəsinin keçmiş müdiri Akif Məhərrəmova və beynəlxalq əlaqələr idarəsinin keçmiş müdiri Aleksandar Umnyaşkinə qarşı cəzanı dəyişdirib. Cənab Məhərrəmovun həbs cəzası ev dustaqlığı nəzərə alınaraq 9 ildən 7 il 6 aya, Aleksandr Umnyaşkinin cəzası isə 3 ildən 1 il bir ay müddətinədək azaldılıb. Əli İnsanov və digərləri dövlət əmlakını mənimsəməkdə və israfda, qanunsuz özəlləşdirmədə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda günahkar bilinir. Yeri gəlmişkən bildirim ki, sabiq nazir 2005-ci il parlament seçkiləri öncəsi oktyabrın 21-də dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan bu ittiham ayrı icrata ayrılıb. Apellyasiya məhkəməsinin qərarının elan edilməsindən öncə və sonra cənab İnsanov siyasi bəyanatlarla çıxış edib. O dövlət başçısının ünvanına kəskin tənqidlər söyləyib. "Azərbaycanda ailə-klan hakimiyyətinin qurduğu korrupsiya piramidasının başında duran İlham Əliyevin heç kimi korrupsiyada ittiham etməyə mənəvi haqqı yoxdur. Gələcək nəsillərin ümidi olan neft gəlirlərini qumar və kazino pulları kimi göyə sovurmaq Azərbaycan xalqına qarşı ən ağır cinayətdir. Bu cinayətin qarşısı təcili alınmasa, Azərbaycan yaxın illərdə varını-yoxunu uduzmuş qumarbazın gününə düşəcək. Hər an xalqın qanını tökməyə hazır olan hərbi polis rejimi Azərbaycanın ciyasi səhnəsindən silinməlidir", - deyə Əli İnsanov məhkəmə qərarını elan etməmişdən öncə bildirib. Sabiq nazir məhkəmənin qərarından sonra isə bu şüarları deyib: "Avtoritar-monarxiya rejiminin cəllad baltasına çevrilmiş Azərbaycan məhkəməsinə ar olsun! Bu rejimə qarşı mübarizə aparanlara eşq olsun! Yaşasın gələcək, azad, demokratik Azərbaycan!". Apellyasiya məhkəməsinin qərarı müdafiə tərəfini də qane etmir. Vəkil Toğrul Babayev üç gün müddətində kassasiya şikayəti verəcəklərini deyib. Öz növbəsində iqtidarda olan «Yeni Azərbaycan» partiyasının icra katibinin müavini Mübariz Qurbanlı cənab İnsanovun dediklərini cəfəngiyat adlandırıb. Onun dediyinə görə, sabiq nazir diqqəti cinayətindən yayındırmaq məqsədilə siyasi bəyanatlarla çıxış edir. Cənab Qurbanlı sabiq nazirin prezident İlham Əliyevlə bağlı bəyanatını isə «yalan və böhtan» kimi qiymətləndirib.
XS
SM
MD
LG