Accessibility links

Azərbaycanda prezident seçkilərində 7-8 namizədin iştirak edəcəyi gözlənilir


Avropa Şurası Venesiya Komissiyası və ATƏT ümumilikdə Azərbaycanın “Seçki Məcəlləsi”nə edilmiş dəyişikliklərdən razıdır. Bu barədə jurnalistlərə prezident aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Venesiya Komissiyasının bütün təkliflərinin qəbul edilməməsi Azərbaycan hakimiyyətinin bunu istəməməsi ilə əlaqədar deyil. Bu ona görə baş verməyib ki, partiyalar seçki komissiyalarının formalaşdırılması prinsipləri ilə əlaqədar fikir ayrılıqlarına görə ümumi razılığa gələ bilməyiblər. Bununla əlaqədar olaraq, seçki komissiyalarının tərkibi əvvəlki formatda saxlanılıb. Hesab edirəm ki, nə qədər ki, ən yaxşı format tapılmayacaq, seçkiləri mövcud seçki komissiyaları aparacaq", - deyə Həsənov sözünə davam edib.

Onun fikrincə, hazırkı seçki komissiyaları ilə demokratik seçkilər keçirmək olar. “Amerikanın səsi” radiosunun müxalifət qüvvələrinin bir hissəsi tərəfindən seçkiləri boykot haqqında sualına cavabda Həsənov bildirib ki, bəzi müxalifət partiyalarının seçkiləri boykot haqqında bəyanatlarının "ciddi siyasi qüvvəsi yoxdur". Cənab Həsənova görə, siyasi partiyaların əksəriyyəti seçkilərdə iştiraklarını təsdiq ediblər. O əmindir ki, seçkilərdə ən azı prezidentliyə 7-8 namizəd iştirak edəcək. "Boykota çağırışlar ciddi deyil və siyasi həyata təsiri yoxdur".

Toplaşmaq azadlığı ilə bağlı Həsənov bildirib ki, icra hakimiyyəti orqanları əvvəlcədən prezidentliyə namizədlərin seçicilərlə görüş və seçkiqabağı mitinqlər keçirə biləcəyi yerlərin siyahısını açıqlayacaqlar.

Milli Mətbuat Günü (22 iyul) ilə əlaqədar həbsdə olan jurnalistlərin əfv edilməsi mümkünlüyünə toxunan şöbə müdiri deyib ki, Mətbuat Şurası və Jurnalistlərin Qurultayının müvafiq müraciətləri var və onlar haqda ölkə rəhbərliyinə xəbər veriləcək.

AŞPA rəhbəri Mariya Luis de Puçun sentyabra qədər həbsdə olan jurnalistlər və siyasi məhbuslar problemi həll olunmazsa, siyasi məhbuslar üzrə məruzəçi haqqında məsələnin sentyabr sessiyasının gündəliyinə çıxarılacağı barədə bəyanatını şərh edən Həsənov "belə təlqinedici bəyanatların qəbuledilməz olduğunu" deyib. "Azərbaycanda jurnalistlər məhkəmələrin qərarı ilə həbs ediliblər. Nə Azərbaycanda, nə də dünyada məhkəmələrə təsir mexanizmləri yoxdur. Jurnalistlər yalnız əfv edilə bilərlər, bunun üçün isə prezidentə müraciət etmək lazımdır”.

XS
SM
MD
LG