Accessibility links

Bakıda Xəzər Beynəlxalq Neft-Qaz sərgisi açılıb



Bakıda XVI Caspian Oil & Gas beynəlxalq sərgi-konfrans işə başlayıb. Sərgidə dünyanın 22 ölkəsindən 250 şirkət iştirak edir.
Sərgi-konfransın rəsmi açılış mərasimində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi, Gürcüstanın baş naziri və digər 20 ölkənin nazir və ya nazir müavinləri iştirak edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq Avropa qitəsinin enerji təhlükəsizliyində böyük rol oynayır. Eyni zamanda, dövlət başçısı neft amilinin Azərbaycan üçün məqsəd yox, vasitə olduğunu deyib. “Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, bu il Azərbaycanın ümumi iqtisadi inkişafı 4,3 faiz, qeyri-neft sektorunun inkişafı isə 13,7 faiz təşkil edib. Xarici şirkətlər Azərbaycana dəvət olunub, ölkəyə böyük investisiyalar cəlb edilib”
Onun sözlərinə görə, neft və qazın dünya bazarlarına çıxarılması üçün Azərbaycanın fəaliyyətdə olan 7 kəməri var. Bu kəmərlər Azərbaycan neft və qaz siyasətini tam diversifikasiya etməyə imkan verir.
Prezident regional müstəvidə çox fəal əməkdaşlıq müşahidə olunduğunu deyib. Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı artıq yeni mərhələyə qədəm qoyub. “Bu il neft hasilatı 45 milyon ton, qaz hasilatı isə 25-27 milyard kub metr təşkil edəcək. Azərbaycanın qaz ehtiyatı 2-5 trilyon kub/metr səviyyəsindədir”.
Cənab Əliyev enerji əməkdaşlığı sahəsində mühüm mesajlarını da diqqətə çatdırıb. “Enerji təhlükəsizliyi çox mühüm əhəmiyyət kəsb edir. İstehlakçı, tranzit və istehsalçı ölkələr arasında əməkdaşlıq azad, ədalətli və sağlam şəraitdə qurulmalıdır. Beynəlxalq normalar gözlənilməlidir. Qiymət, tranzit şərtləri ədalətli olmalıdır. Yalnız belə yanaşma normal əməkdaşlığa şərait yaradar. Azərbaycanın iştirakı olmadan enerji təhlükəsizliyi tam təmin oluna bilməz. Son vaxtlar neft-qaz məsələsi bir qədər siyasiləşib. Biz hesab edirik ki, bütün alğı-satqı müqavilələrində qiymət ədalətli olmalı, bir tərəfin maraqları digər tərəfin hesabına təmin olunmamalıdır”.
Sərgidə prezident Barak Obamanın məktubu oxunub. Amerika prezidenti bildirir ki, Azərbaycan mühüm və etibarlı enerji təchizatçısı kimi dünya bazarlarına daxil olub.
Azərbaycan isə neft və qaz sahəsində uğurlarını artırmaqdadır. Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, bu il Azərbaycan 27 milyard kub metr qaz və 50 milyon ton neft hasil edəcək. “Bu il “Ümid” və “Abşeron” strukturlarında kəşfiyyat işləri başlanacaq. Artıq orada kəşfiyyat işlərinin aparılması üçün platforma hazırlanıb. Qaradağ qaz anbarında da işlər bu il yekunlaşdırılacaq”.
Onun dediyinə görə, Azərbaycanın hazırda təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetrdir. “Amma perspektiv strukturlar da nəzərə alınmaqla, qaz ehtiyatları 5 trilyon kub metrdir. Proqnozlara görə, neft ehtiyatları 4 milyard tondur”.
Cənab Yusifzadə hesab edir ki, Azərbaycan 2015-ci ilədək “Abşeron”, “Ümid”, “Babək” yataqlarını işə sala bilərsə, illik qaz hasilatı 40 milyard kub metrə çatar. “Bu isə, Nabucco kəmərini doldurmaq üçün bəs edir”.

XS
SM
MD
LG