Accessibility links

Blogerlərin məhkəməsi davam edir


Səbail Rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə blogerlər Emin Milli və Adnan Hacızadənin işi üzrə məhkəmə prosesi davam edib. Məhkəməni xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı missiyalarının təmsilçiləri, siyasi partiyaların nümayəndələri, hüquq müdafiəçiləri izləyib.
Bu gün ilk olaraq, zərərçəkmiş kimi tanınan Babək Hüseynov ifadə verib. O deyib ki, gənclər restoranda söyüş söyüb və onları səs-küy salmamağa çağırıb. “Mənim bu sözümdən sonra dava düşdü. Gənclər bizim üzərimizə hücum etdi, - deyə o qeyd edib.
Restoranın müdiri hadisə zamanı 40-50 manat ziyan dəydiyini və şikayətçi olmadığı deyib. Onun sözlərinə görə, qablar sınıb, stollar aşıb.
Restoranın ofisiantı deyib ki, restoranda nə söyüş, nə də hündürdən danışıq eşitməyib.
Məhkəmə ictimaiyyətin diqqət mərkəzindədir. Deputat Arzu Səmədbəyli prosesi izlədikdən sonra işin qurama olduğu fikrinə gəlib. O hesab edir ki, məhkəmə gəncləri azad etməlidir.
Vəkillər məhkəmənin son qərarının sifarişdən asılı olacağını düşünür. Vəkil İsaxan Aşurov hazırda prosesin gedişini normal qiymətləndirir.
Hüquq-müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri ədalətli məhkəmə araşdırmasına inanmır. Hüquqşünas İntiqam Əliyev hesab edir ki, siyasi hakimiyyət məhkəmələrdən demokratiya və söz azadlığını əzmək məqsədilə bir vasitə kimi istifadə edir. Amma o blogerlərin sonda azad buraxılacağına inanır.
“Media Hüquqları” institutunun direktoru Rəşid Hacılı isə məhkəmənin qərarının siyasi sifarişli olacağını düşünür. Onun fikrincə, blogerlər barədə həbs qərarı qüvvədə saxlanacaq.
Onu da qeyd edim ki, bunda öncə olduğu kimi yenə məhkəmə zalına çoxsaylı insan keçə bilməmişdi. Onlar hisslərini azadlıq sədaları səsləndirməklə ifadə edirdi.
AN Sosial Şəbəkəsinin və OL Gənclər Hərəkatının fəalları E.Milli və A.Hacızadə iyulun 8-də “Livan” restoranında baş vermiş insidentlə bağlı saxlanıb. E.Milli və A.Hacızadə başqa iki nəfərə xəsarət yetirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə maddələri ilə cinayət işi qaldırılıb. Hər iki bloger barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib. Blogerlər ittihamı qəbul etmir.


XS
SM
MD
LG