Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənın Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə Türkiyə baş naziri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. AzərTAC agentliyinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında İlham Əliyev bildirib ki, bu görüşün həm siyasi, həm də tarixi mənası var. ANS PRESS Agentliyinin məlumatına görə, dövlət başçısı Naxçıvanın Azərbaycanın Türkiyə ilə sərhədi olan yeganə ərazisi olduğunu xatırladıb. ”Türkiyə 90-cı illərdə yaranmış böhran zamanı blokadada olan Naxçıvanın həyatında ciddi rol oynayıb". Cənab Əliyev danışıqlarda həm iqtisadi, həm siyasi qarşılıqlı layihələrin müzakirə edildiyini deyib. Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı məsələlər müzakirə edilib. Dövlət başçısı Türkiyə ilə iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu da diqqətə çatdırıb. “Azərbaycan da xaricdə ən böyük sərmayəsini məhz Türkiyədə qoyub. Hazırda Naxçıvanın blokadadan çıxarılması üçün yeni imkanlar yaradılır və məsələ bu günkü görüşdə müzakirə edilib. Bu, Naxçıvanın Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə və Bakı-Ərzurum-Qars qaz kəməri layihəsinə qoşulması ilə bağlıdır”,-deyə o qeyd edib. Cənab Ərdoğan da Azərbaycan prezidentinin hər iki layihə ilə bağlı söylədiklərinə həmfikir olduğunu deyib. “Hazırda hər iki layihənin texniki məsələləri həll olunur və Naxçıvanın bu layihələrə qoşulması realdır”. Baş nazir bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. “Ümumiyyətlə Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə əlindən gələn köməyi əsirgəməyəcək”. O iqtisadi əlaqələrə də toxunaraq bildirib ki, hazırda Türkiyə Azərbaycanda qeyri-neft sektoruna 5 milyard dollara yaxın investisiya qoyub. “Hazırda hər iki ölkə arasında ticarət dövriyyəsi 1,2 milyard dollardır. Və ümid var ki, yaxın iki ildə bu rəqəm iki dəfədən çox artaraq 3 milyard dollara çatacaq. Naxçıvanın da ən çox ticarət dövriyyəsi məhz Türkiyə ilədir. Hazırda Naxçıvanın Türkiyə ilə ticarət dövriyyəsi 40 milyon dollar təşkil edir və Naxçıvanın ticarət dövriyyəsinin 33 faizi Türkiyəyə aiddir. Naxçıvanda ticarətlə məşğul olanlar isə əsasən Türkiyə şirkətləridir",-deyə baş nazir qeyd edib. Cənab Ərdoğan Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı vizasız gediş-gəliş sisteminin tətbiq oluna biləcəyini də bildirib. “Hazırda bunun üzərində iş aparılır”. Türkiyə Baş naziri Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin iyulda təməl qoyma mərasimi keçiriləcəyini deyib və Azərbaycan prezidentini mərasimdə iştirak etməyə dəvət edib. Müstəqil politoloqlar Türkiyə baş nazirinin Naxçıvana səfərini iki ölkənin və regional münasibətlərin inkişafında yeni addım kimi qiymətləndirir. Politoloq Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi kimi bütün problemlərin həllində yaxından iştirak etməlidir.