Accessibility links

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri atəşkəsin pozulmasından narahatdır


Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən səhər saatlarından başlayaraq atəşkəs rejimini pozaraq cəbhənin bir neçə istiqamətində vəziyyəti gərginləşdirib. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verib, ona ağır zərbələr endirib. 12 erməni əsgəri məhv edilib, 15-i isə ağır yaralanıb. Bu barədə Azərbaycan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik həmçinin Azərbaycanın dörd əsgərinin həlak olduğunu bildirir. Mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev “Amerikanın səsi” radiosuna Ermənistanın atəşkəs rejimini pozmasının bu ölkədə prezident seçkilərindən sonra yaranmış gərginlikdən diqqəti yayındırmağa xidmət etdiyini bildirib. Cənab Verdiyevin dediyinə görə, vəziyyətinin ağırlığını görən düşmən bu gün atəşi dayandırmağa məcbur olub və hazırda cəbhədə nisbi sakitlikdir. Onun sözlərinə görə, vəziyyətlərinin gərginliyini dərk edən Ermənistan Müdafiə naziri atəşkəsi dayandırmağı Azərbaycan Müdafiə nazirliyindən xahiş edib. Ermənistan prezidenti Robert Köçəryan isə ermənilərin Qarabağ cəbhəsində dünənki atışmada itki vermədiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın iki zabiti yaralanıb. «İki ölkənin müdafiə nazirləri əlaqə yaradıb və nəticədə atəşin dayandırılması barədə razılığa gəlinib. Düşünürəm ki, biz bu insidenti yoluna qoymaqla bütün cəbhə xəttində atəşin kəsilməsinə nail ola bilərik”. Robert Koçəryan hesab edir ki, Azərbaycan Qarabağdakı Silahlı Qüvvələrin Ermənistana aparıldığını düşünüb, situasiyadan istifadə etməyə çalışıb: «Qarabağdan Ermənistana qüvvə gətirilməyib” –deyə o Yerevanda fövqəladə vəziyyət rejiminin Dağlıq Qarabağdan olan hərbiçilər tərəfindən həyata keçirilmədiyini bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da baş verənlərə münasibət bildirib. O Azəri-Press Agentliyinə bildirib ki, Ermənistan rəhbərliyi ölkədə daxili vəziyyətin gərginləşməsindən diqqəti yayındırmaq məqsədi ilə bu kimi təxribatlara əl atır. «Əsas məqsəd Ermənistandakı gərginliyi ört-basdır etməkdir. Bu ölkədə bütün demokratik normalar pozulub, qəzetlərin fəaliyyəti dayandırılıb, fövqəladə vəziyyət elan olunub. Əslində Ermənistan hakimiyyəti Azərbaycanın guya hücum etdiyini göstərmək üçün təxribata əl ataraq, diqqəti ölkə daxili məsələlərdən yayındırmağa çalışır»-deyə nazir qeyd edib. Cəbhədə son günlər yaranmış gərgin durum ATƏT-in Minsk Qrupunun Azərbaycanda səfərdə olan amerikalı həmsədri Metyu Brayzanın görüşlərinin də mövzusu olub. Cənab Brayza prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya rəhbərləri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə müzakirələr aparıb. Görüşdə iştirak edən “Turan” Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, Amerika tərəfi atəşi dayandırmaqla bağlı tərəflərlə danışıqlar aparıb. Bu barədə cənab Brayza məlumat verib. Cənab Əliyev bildirib ki, amerikalı həmsədr Ermənistanda kimin prezident seçilməsindən asılı olmayaraq danışıqların hazırkı çərçivədə davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, seçkilərdə iştirak edən bütün namizədlər seçkidən öncə bununla bağlı razılığa gəlib. Cənab Brayza bu gün erməni tərəfi ilə müzakirələri davam etdirmək üçün Yerevana yola düşüb.
XS
SM
MD
LG