Accessibility links

Amerika xarici radiolarla bağlı müzakirələr aparmaq və Əfqanıstan üçün Azərbaycandan mal almaq istəyir


Amerika tərəfi Azərbaycana xarici radiostansiyaların yerli FM tezliklərində yayımının bərpası haqqında dövlətlərarası saziş layihəsini təqdim edib. Ancaq hələlik Saziş layihəsinin müzakirəsi üçün konkret tarix müəyyən edilməyib. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Enn Dersi “Amerikanın səsi” radiosunun sualının cavabında bildirib. Xanım Dersi Azərbaycan tərəfinin yaxın vaxtda müzakirə üçün konkret vaxt təyin edəcəyinə ümid edir. “Məsləhətləşmələrlə bağlı tarixin müəyyən edilməsini hökumətdən xahiş etmişik. Ümid edirik ki, müzakirələr tezliklə başlayacaq”.
ABŞ səfiri həbsdə olunan jurnalistlərin azad edilməsi mümkünlüyü ilə bağlı sualın cavabında, satirik-yazar Mirzə Sakitin azad edilməsini alqışlayaraq, digər jurnalistlərin də azad ediləcəyinə ümid etdiyini bildirib. “Digər müsbət amil prezident İlham Əliyevin mətbuatla bağlı problemlərin beynəlxalq təcrübəyə uyğun həll edilməsini deməsidir. Hesab edirik ki, bu müsbət çağırış, müsbət siqnaldır”.
NATO-nun qeyri-hərbi yüklərinin Azərbaycan vasitəsilə Əfqanıstana daşınması barədə suala cavabda səfir qeyd edib ki, bu barədə həm Azərbaycan, həm də digər ölkələrlə məsləhətləşmələr aparılır. “Nəinki Azərbaycan vasitəsi ilə daşımaların həyata keçirilməsi, həmçinin Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycanda yerli istehsal olan mallarının alınmasını da düşünürük. Bununla əlaqədar Azərbaycana konkret qruplar və komandalar gələrək ehtiyacları müəyyən edəcək”-deyə o qeyd edib.

XS
SM
MD
LG