Accessibility links

Ermənistan-Azərbaycan prezidentlərinin görüşü diqqət mərkəzindədir




Sankt-Peterburq görüşündən sonra növbəti addımların effektivliyi ilk öncə Ermənistanın mövqeyinin inkişafından asılı olacaq. Lakin Ermənistan tərəfdə istədiyimiz kompromisə hazırlıq görmürük. Bəlkə də, bu ona görə baş vermir ki, Ermənistanda ötən il rəhbərlik dəyişib.

Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov bu gün jurnalistlərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı sualının cavabında bildirib.O hesab edir ki, Ermənistanın mövqeyində ümumi dönüş baş versə, münaqişə asanlıqla həll oluna bilər.

“Bu dönüş Ermənistanın öz mövqeyini strateji dəyərləndirməsi nəticəsində baş verə bilər. Biz istəyirik ki, Ermənistan həm özünün, həm də regionun maraqlarına uyğun lazımı addımların atılmasına razı olsun. Bu addımlar münaqişənin həlli üçün üzərində işlədiyimiz, həlli əsas olan prinsiplərin razılaşdırılmasında bəzi çətin məqamların həlli üçün atılan addımlardır”.

Cənab Əzimovun dediyinə görə, prinsiplər sırasında bir neçə vacib məsələnin həlli həm də həmsədrlər tərəfindən təklif olunub. “Azərbaycan prinsipial, elmi və strateji yanaşmada bu təkliflərlə razıdır. Lakin bəzi elementlər var ki, onu razılaşdırmalıyıq. Eyni zamanda, Ermənistan tərəfdən istədiyimiz kompromisə hazırlıq görmürük”.

O, danışıqlar prosesində çətinliklərdən danışarkən deyib ki, Ermənistan tərəfində daha çox subyektiv və siyasi səbəbləri görürük. “Ümumi konsepsiyada beynəlxalq cəmiyyətin və onların simasında həmsədrlərin işlədiyi prinsiplərdə erməni tərəfinin maraqları kifayət qədər nəzərə alınıb. Bu, eyni zamanda, 21-ci əsrdə hərəkət etdiyimiz beynəlxalq hüquq prinsipləri çərçivəsində tam olaraq uyğun bir modeldir. Bu modelə uyğun hərəkət etsək, yəqin ki, gələcəkdə münaqişə həll edilə bilər. Əlbəttə, prinsip və təkliflər aydındır”.

Nazir müavini təklif olunan prinsip və təkliflərin bir-biri ilə uzlaşmasını vacib bir vəzifə hesab edir. “Bu uzlaşmaya yaxınlaşmaq üçün Ermənistanın mövqeyində köklü dəyişikliklər baş verməlidir. Biz, hələ ki, uzlaşma mərhələsinə çata bilmirik. Ona görə ki, orada dönüş xarakterli dəyişikliklər baş verməlidir”.

O hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsinin gündəlikdə olmadığını deyib. “Hazırda Azərbaycan Minsk Qrupu həmsədrləri və geniş tərkibi ilə işini davam etdirməyə hazırdır. Çünki Azərbaycan da Minsk Qrupunun üzvü olaraq bu konsensusun bir hissəsidir”.
Nazir müavini eyni zamanda suallara cavabda Amerika, Fransa, Rusiya prezidentlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentinin görüşünün olacağı barədə məlumatları təkzib edib. “Beş prezidentin görüşü barədə məlumatım yoxdur. Heç bir şey eşitməmişəm”, - deyə o qeyd edib

XS
SM
MD
LG