Accessibility links

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri iddiaları rədd edir


Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı «Azpetrol» şirkətinin sabiq rəhbəri Rafiq Əliyev və digər 17 nəfərin işi üzrə Ağır Cinayətlərə dair məhkəmədə müttəhimlər sərbəst ifadə verməyə başlayıb. İlk olaraq F.Əliyev çıxış edib. Onun sözlərinə görə, üzərində aparılan indiki məhkəmə hakimiyyətin özünə qarşı ifşa prosesi olacaq. "Düzdür, hakim partiyadan olan yaltaqlar və riyakarlar məni ittiham etməyə və bütün bunlar haqqında daha əvvəl danışmaq lazım olduğunu iddia etməyə çalışacaqlar. Mən qəti olaraq bildirirəm ki, mənim danışmağa hazırlaşdığım hər şey əvvəllər hakimiyyətin ən yüksək dairələrində müzakirə olunub. Cənab Əliyevin sözlərinə görə, o, hələ nazir olduğu zaman özəlləşdirmə prosesindəki qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirməyə hazırlaşırdı. O, hətta mətbuat konfransının keçirilmə vaxtını təyin edib və jurnalistləri çağırıb. Lakin prezident aparatından göstəriş gəlib ki, jurnalistlərlə görüş keçirilməsin. Baş müttəhim qeyd edib ki, o, tez-tez ölkə rayonlarına ezamiyyətə gedib, qayıdarkən ölkə prezidentinə real mənzərəni çatdırıb və dedikləri dövlət başçısı tərəfindən anlayışla qarşılanıb. Lakin bu hərəkətlər mənim fəaliyyətimə əngəl yaratmaq istəyən inhisarçıların, oliqarxların xoşuna gəlmirdi. "Mənim həbsimdən sonra haqqımda məsuliyyətsiz və əxlaqsız xəbərlər yaymağa başladılar. Mən bilirəm ki, bunların arxasında barələrində mənim hələ danışacağım nazirlər və prokurorluğun rəhbəri durur. Hamı onların korrupsiya ilə necə mübarizə apardıqlarını gözəl bilir", - deyə sabiq nazir bildirib. F.Əliyevin güya ki, jurnalist Elmar Hüseynovun qətlinə aidiyyatı olması haqqında ittihamlara toxunan sabiq nazir, bunu absurd adlandırıb. Öz növbəsində, dövlət rəsmiləri sabiq iqtisdai inkişaf nazirinə qarşı irəli sürülən ittihamların ibtidai istintaqda tam sübuta yetirildiyini bildirir. Bu günlərdə baş prokuror Zakir Qaralov cənab Əliyevin rəhbərlik etdiyi 18 nəfərlik mütəşəkkil dəstənin on milyonlarla dollar məbləğində dövlət əmlakını taladığını bəyan edib.
XS
SM
MD
LG