Accessibility links

Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi üzrə hazırlıq iclası başlayıb


Ağır Cinayətlərə dair məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı «Azpetrol» şirkətinin sabiq rəhbəri Rafiq Əliyev və daha 17 nəfərin məhkəmə prosesi üzrə hazırlıq iclası başlayıb. Müttəhimlər çoxsaylı iqtisadi cinayətlərdə-mənimsəmə və ya israfetmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və cinayət məcəlləsinin ondan çox digər maddəsi ilə ittiham edilir. Əliyev qardaşları və digərləri 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi həbs edilib. Hazırda cinayət işi ilə yanaşı 164 fiziki şəxsə qarşı «əqdlərin etibarsız hesab edilməsi, dövlətin mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi haqqında» mülki iddia irəli sürülüb. Cinayət işi 347 cilddə birləşir və 188.000 səhifədən ibarətdir. İş üzrə 700 nəfər zərərçəkmiş tanınıb və 1300-ə yaxın şahid dindirilib. Hazırlıq iclası isə 50 nəfərlik zalda keçirilir. Bu səbəbdən nəinki zərəçəkmişlər, mülki iddia irəli sürülmüşlər, şahidlər, hətta jurnalistlər, səfirliklərin nümayəndələri və beynəlxalq müşahidəçilər məhkəməyə buraxılmayıb. Fərhad və Rafiq Əliyevləri Avropa İnsan Haqları məhkəməsində təmsil edən vəkil Luis Ceyms də məhkəmə zalına buraxılmayanlar arasındadır. Elçin Behbudov İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədridir və ATƏT-in işgəncə məsələləri üzrə ekspertidir. Onu isə zaldan çıxarıblar. Hazırlıq iclası vəkillərin məhkəmə heyətinə və dövlət ittihamçılarına qarşı etiraz vəsatətlərilə başlayıb. Vəkil İsaxan Aşurov hesab edir ki, hakimlərin səlahiyyət müddəti 2005-ci ildə başa çatıb və onlar icra hakimiyyətindən asılıdır. Məhz bu səbəbədən də ədalətli və müustəqil qərarlar qəbul edə bilməzlər. Vəkillərin vəsatətləri baxılmamış saxlanıb. Vəkil Fuad Ağayev məhkəmə heyətinin bu hərəkətini sui-istifadə halı kimi qiymətləndirib. Vəkil həmçinin məhkəmənin ədalətli qərarlar qəbul edəcəyinə inanmır. Onun fikrincə, hazırlıq iclasına mətbuatın və müşahidəçilərin buraxılmaması bunu bir daha sübut edir.
XS
SM
MD
LG