Accessibility links

Deputatlar Türkiyənin Ermənistanla sərhədi açmasını istəmir 


Azərbaycan parlamentində “Türkiyə-Azərbaycan münasibətləri: ortaq maraqlar və problemlər” mövzusunda forum keçirilib. Forumda Türkiyənin “Milliyyətçi Hərəkat”, “Cümhuriyyət Xalq” partiyasının, Azərbaycanın isə parlamentdə təmsil olunan bütün siyasi partiyalarının təmsilçisi olan deputatlar iştirak edib.
Müzakirələrdə Azərbaycan-Türkiyə münasibətinin qardaşlıq səviyyəsinin daimi olduğu vurğulanıb. Deputatların fikrincə, heç bir iqtidar türk xalqları arasındakı münasibətlərə kölgə sala bilməz.
“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Azərbaycanın beş siyasi partiyası Türkiyə parlamentdə təmsil olunan 4 partiya ilə müzakirələr keçirmək üçün müraciət edib. Ancaq məlum olmayan səbəblərdən Türkiyənin iqtidarda olan “Ədalət və İnkişaf” partiyası foruma qatılmayıb.
Deputat iki ölkə arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını bildirib. Onun fikrincə, Dağlıq Qarabağ problemi təkcə Azərbaycan Ermənistan arasındakı problem deyil.
Cənab Ağamalı Dağlıq Qarabağ problemi həll edilmədən Qafqazda sabitliyin yaranmayacağını deyib. O eyni zamanda iddialarından əl çəkməyincə Ermənistanla sərhədlərin açılmasını qeyri-mümkün hesab edir.
Türkiyənin “Cümhuriyyət Xalq” Partiyasından olan millət vəkili Şükrü Elekdağ deyib ki, Türkiyə sərhədi Ermənistanın Azərbaycan ərazilərini işğalına etiraz olaraq bağlayıb. Bundan başqa, BMT TŞ və Avropa Şurası Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaçqınların evlərinə qaytarılması barədə qətnamələr qəbul edib. Amma Ermənistan bunların heç birinə indiyədək məhəl qoymayıb. Belə isə, sərhədlər hansı səbəbdən açılmalıdır?
“Böyük Quruluş” partiyasının başqanı Fazil Qəzənfəroğlu hesab edir ki, Dağlıq Qarabağda erməni işğalının davam etməsi Türkiyənin regiondan sıxışdırılıb çıxarılması deməkdir.
Türkiyənin “Milliyyətçi Hərəkat” partiyasından olan deputat Atilla Qaya hesab edir ki, türk dünyasının problemlərinin həllində bir millət iki dövlət formulundan deyil, bir millət-bir dövlət formulundan çıxış etmək lazımdır. Onun fikrincə, Dağlıq Qarabağ türk dünyasının ümumi problemidir və problem həllini tapmayınca sərhədlər açıla bilməz.
“Vətəndaş Həmrəyliyi” partiyasının sədri Sabir Rüstəmxanlı hesab edir ki, Türkiyə xəyanətə sürüklənir. Onun fikrincə, bu gün Türkiyə və türk xalqları mübarizə aparacağı çoxsaylı problemlərlə üz-üzədir.
Deputat Pənah Hüseyn də iki dövlət, bir millət formulunun artıq özünü doğrultmadığını bildirib. Deputat hesab edir ki, türk dövlətləri vahid milli federasiyada birləşməlidir.

XS
SM
MD
LG