ABŞ-ın Gömrük Xidməti tərəfindən Azərbaycan Gömrük Komitəsinə verilmiş xüsusi aparatlarla təchiz edilmiş avtomobillər və avadanlıqların təqdimetmə mərasimi olub. Tədbirdə Azərbaycan dövlət gömrük komitəsinin sədri Aydın Əliyev və ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders iştirak edib.
Cənab Əliyev bildirib ki, iki ölkə gömrükçüləri on bir ildir uğurlu əməkdaşlıq edir, narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılığa qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparır. Azərbaycan gömrükçüləri artıq 17 dəfə treninqlərdə iştirak edib.
Komitə sədrinin sözlərinə görə, ABŞ mütəxəsislərinin yaxından iştirakı ilə Azərbaycanda beynəlxalq standartlara cavab verən kinoloji sistem və gömrük laborotoriyası yaradılıb. O Azərbaycan gömrükçülərinin yaxın bir neçə ildə dəfələrlə silah komponentlərinin tranzitinin, hətta atom bombası ilə bağlı sənəd və ədəbiyyatın İrana keçirilməsinin qarşısını aldığını diqqətə çatdırıb.
Komitə sədri son illər Azərbaycan gömrük keçid məntəqələrində radioaktiv maddələrin müəyyən edilməsi üçün qurğular quraşdırıldığını bildirib. "Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyi Tovuz gömrük keçid məntəqəsində belə qurğu quraşdırır".
ABŞ səfiri Enn Dersi Azərbaycan xalqının maraqlarını qorumaq üçün gömrük işçilərinin böyük səlahiyyət və cavabdehliyi olduğunu bildirib. Ondan necə istifadə etməniz, Azərbaycanın müasir, bazar iqtisadiyyatı yönümlü, demokratik ölkə kimi inkişafı üçün vacibdir.
Səfir Azərbaycan gömrükçülərinə təqdim edilən avadanlıqların arasında sadə qurğulardan başlayaraq kütləvi qırğın silahlarını aşkar edən mürəkkəb aparatlara qədər cihazların olduğunu bildirib.
Xanım Dersi «Amerikanın səsi» radiosunun sualının cavabında deyib ki, ikitərəfli əməkdaşlığın genişlənməsi regionda legitim ticarətin yayılmasına kömək edəcək. "Azərbaycan ticarət və daşımalar sahəsində regional mərkəzə çevrilmək istəyir. Belə regionda təhlükəsizliyin təmini və mənfi məqsədli maddələrin yayılmasının qarşısının alınmasında gömrük orqanları mühüm rol oynayır".
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri isə Xəzərdəki su sərhədlərində gömrük xidmətinin hələ tam təşkil edilməyini bildirib. "Xidmətin təşkili üçün yaxın zamanlarda vertolyot və qayıqlar alınacaq".