Accessibility links

Novruz Məmmədov: Danışıqlar pozitiv olarsa, ziyalıların qarşılıqlı səfəri davam edəcək (audio)


Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan-Azərbaycan münaqişəsi və Amerika-Rusiya danışıqlarının nəticələri ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib. Tapdıq Fərhadoğlunun müsahibəsi:
Sual: ATƏT-in Minsk qrupunun həmsədrləri nə vaxt Bakıya səfər edəcək və iki ölkə prezidentlərinin görüşü realdırmı?
Cavab: ATƏT-in Minsk qrupunun həmsədrləri bu günlərdə Bakıya gələcək. İki ölkə prezidenti isə iyulun ortalarında görüşə bilərlər.
Sual: Görüşlə bağlı razılıq əldə edilib?
Cavab: Düşünürəm ki, hələ görüşlə bağlı razılıq olmasa da, prezidentlər müəyyən tədbirlər çərçivəsində bir yerdə olarsa, görüş baş tuta bilər. Görüş ehtimalı çox böyükdür.
Sual: Prezident İlham Əliyev 5+2 formatından danışıb. Bu formatın detalları nədən ibarətdir?
Cavab: Gözləmək lazımdır ki, iki ölkə prezidentinin görüşü baş tutsun. Münaqişənin mərhələli həllinin necə həyata keçiriləcəyinin detalları ilə bağlı ancaq dövlət başçılarının görüşündən sonra qəti söz demək olar.
Sual: Yəni, əvvəlcə Dağlıq Qarabağın ətrafında işğalda olan beş rayon qaytarılır, beş il sonra isə Laçın və Kəlbəcər qaytarılır. Bununla bağlı artıq razılıq əldə edilib?
Cavab: Yox. Mən bununla bağlı bu gün heç nə deyə bilmərəm. Belə bir razılığın əldə edilib-edilməməsi barədə qəti sözü yalnız prezidentlərin görüşündən sonra demək mümkündür. Ona görə indi konkret heç nə demək mümkün deyil.
Sual: Ziyalıların və jurnalistlərin qarşılıqlı səfərləri bundan sonra da davam edəcəkmi?
Cavab: Danışıqlar prosesi pozitiv istiqamətdə davam edərsə, belə səfərlər mümkündür. Bu səfərlər zamanı danışıqlar prosesinə kömək edəcək məqamlar ola bilər.
Sual: Azərbaycan danışıqların pozitiv inkişafına ümid edirmi?
Cavab: Azərbaycanın mövqeyi budur: biz gec-tez öz torpaqlarımızı qaytaracağıq, arazi bütövlüyümüz təmin edəcəyik. Bunun başqa alternativi yoxdur.
Sual: Amerika və Rusiya prezidentlərinin Moskva görüşünün nəticələrinə münasibətiniz necədir? Müzakirələrdə Azərbaycanla bağlı məsələlərə toxunulubmu?
Cavab: Amerika və Rusiya prezidentlərinin görüşündə Azərbaycanla bağlı məsələ müzakirə olunub. Ümumiyyətlə, prezidentlər dünyanın bütün nöqtələrindəki həssas problemlərə toxunublar. Bu nöqteyi-nəzərdən, Cənubi Qafqaz məsələsi də vacibdir.

XS
SM
MD
LG