Accessibility links

GUAM beynəlxalq təşkilata çevrilib


Kiyevdə GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilib. Görüşdə GUAM-ın regional qurumdan beynəlxalq təşkilata çevrilməsinin elan olunması, Nizamnamənin və Birgə bəyannamənin imzalanması məsələləri müzakirə olunub. Ukrayna Prezidenti Viktor Yuşşenko GUAM-ın beynəlxalq təşkilata çevrilməsinin beynəlxalq münasibətlərin keyfiyyətcə yeni sisteminin formalaşması prosesinin bir hissəsi olduğunu bildirib. «Bu qurumla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üzv ölkələrin ərazi bütövlüyünün təmin edilməsi, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün də faydalı olacaq. GUAM ölkələrinin qarşılaşdıqları münaqişələrə yalnız birgə səylərlə son qoymaq mümkündür ». Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, Avropaya inteqrasiya baxımından GUAM çərçivəsində əməkdaşlıq zəruridir. «Üzv ölkələr daha sıx regional əməkdaşlığa keçir. Bu baxımdan energetika amili münasibətlərimizdə üstün yer tutacaq. İqtisadi layihələr ölkələrimizin mövqeyini möhkəmləndirməyə və Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirməyə kömək edəcək». Azərbaycan Prezidenti separatizm və terrorizmlə mübarizənin zəruriliyini də vurğulayıb. GUAM ölkələri dövlət başçıları yeni beynəlxalq təşkilatın nizamnaməsini qəbul edib və münaqişələrin nizamlanmasına dair birgə Bəyannamə imzalayıb. İmzalanma mərasimində Ukrayna prezidenti Viktor Yuşenko deyib ki, GUAM ölkələrinin məqsədi demokratik dəyərlər, davamlı inkişaf, beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi, Avropaya inteqrasiyasını dərinləşdirməkdir. O Ukraynanın Xəzər neftinin AB ölkələrinə tranzit nəqlini təmin etməyə hazır olduğunu bəyan edib. "Hazırda Qazaxıstanla Azərbaycandan neft nəqlinin yeni perspektivləri açılır. Biz Ukraynanın tranzit funksiyasını görürük. Bura Odessa-Brodı neft kəməri layihəsi, Xəzər neftinin AB ölələrinə tranzit nəqlinin təminatı da daxildir"-deyə o vurğulayıb. GUAM ölkələri iqtisadiyyat, energetika, nəqliyyat nazirləri, həmçinin gömrük xidmət rəhbərlərinin birgə yığıncağı da keçirilib. Yığıncaqda GUAM Yanacaq-Energetika Şurasının yaradılması barədə razılıq əldə olunub. Yığıncaqda Xəzər-Qara dəniz qaz nəqli marşrutunun yaradılması məsələsi də müzakirə olunub.
XS
SM
MD
LG