Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM-ın dövlət başçılarının 2-ci zirvə toplantısı olub. Toplantıya üzv dövlətlərin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Viktor Yuşşenko, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Moldovanın baş naziri Vasili Tarlev, həmçinin Polşa Prezidenti Lex Kaçinski, Rumıniya Prezidenti Trayan Besesku, Litva Prezidenti Valdas Adamkus, Bolqarıstanın vitse-prezidenti Angel Marini qatılıb. Eyni zamanda ABŞ, Latviya, Estoniya, Yaponiya nümayəndə heyətləri də tədbirdə iştirak edib. Zirvə toplantısının nəticəsi olaraq dövlət başçıları Bakı bəyannaməsini imzalayıb.
Toplantıda həmçinin GUAM ölkələrinin nüvə və radiasiya təhlükəsizliyi məsələlərində əməkdaşlığı və qarşılıqlı yardım haqqında hökumətlərarası memorandum, GUAM imtiyazları və toxunulmazlıqları haqqında saziş, GUAM ölkələrinin beynəlxalq multimodal yük daşımaları haqqında hökumətlərarası saziş, GUAM ölkələrinin 2007-2010-cu illərdə mədəniyyət sahəsində əməkdaşlığı haqqında protokol, GUAM Sammitinin kommunikesi qəbul edilib.
Prezident İlham Əliyev bildirib ki, GUAM regional əməkdaşlığın yeni formatıdır. Burada söhbət Xəzər dənizi, Qara dəniz, Baltik dənizi regionlarının əməkdaşlığından gedir. Dövləçt başçısı GUAM dövlətlərinin siyasi, iqtisadi əlaqələrlə bərabər, konkret layihələr üzərində çalışırığını deyib. Azəbaycan çox önəmli neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir. Cənab Əliyev “Şahdəniz” yatağından çıxarılacaq qazın Avropa bazarı üçün böyük maraq kəsb etdiyini bildirib. Azərbaycanda hazırda istismarda olan mövcud yataqlarda qaz ehtiyatı 1,5 trilyon kubmetrdir. Prezident əmindir ki, qazın hasilatı Avropada mövcud tələbata uyğun şəkildə artırılacaq və Azərbaycan Avropanın çox etibarlı enerji tərəfdaşı olacaq.
Gürcüstan prezidenti Mixail Saakaşvili GUAM-ın MDB-dən ciddi fərqinin konkret qərarların qəbulu və layihələrin reallaşmasında olduğunu bildirib. «MDB dövlət başçılarının görüşləri üçün klub olaraq qalır. GUAM-ın Sammitində Litva, Polşa və Rumıniya prezidentlərinin, Yaponiya, ABŞ və digər ölkələrdən yüksək vəzifəli şəxslərin iştirakı isə beynəlxalq marağın göstəricisidir». O GUAM-ın prioritetləri və nailiyyətləri kimi mal dövriyyəsinin daim artdığını, nəqliyyat infrastrukturunun qurulmasını göstərib. «Bu cəhətdən Bakı-Tbilisi- Qars dəmiryolunun tikintisi geosiyasi inqilabdır. Bu layihənin müəllifi isə Azərbaycandır"»-deyə o qeyd edib.
Ukrayna, Rumıniya, Polşa, Litva prezidentləri də GUAM-ın siyasi və iqtisadi nüfuzunun artdığını vurğulayıb. Dövlət başçıları həmçinin təşkilatın regionun enerji təhlükəsizliyinin təminində rolu, münaqişələrin həlli istiqamətində atılan addımlardan danışıb. «GUAM ölkələri arasında ziddiyyət yoxdur və əməkdaşlıq prioriteti nəqliyyat sahəsində iqtisadi əməkdaşlığın inkişafıdır. GUAM dövlətlərinin yerləşdiyi ərazi onlara Avropa və Asiya arasında mühüm tranzit rolu oynamağa imkan verir və bu rol möhkəmlənməlidir». Bu barədə isə Moldova baş naziri Vasile Tarlev bildirib. Polşa prezidenti Lex Kaçinski GUAM-ın iqtisadi layihələrinə yüksək qiymət verib, ABŞ və Yaponiya tərəfindən dəstəyi qeyd edib. Mühüm layihə kimi o, neftin Odessa-Brodı-Qdansk marşrutu ilə nəqlini göstərib. "Azərbaycanda bunun üçün neft var", - deyə o qeyd edib. Polşa prezidenti həmçinin GUAM ölkələrinin Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəklədiyni bildirib. Litva prezidenti Valdas Adamkus son illərdə GUAM-ın nüfuzunun və təsirinin artmasını demokratiya və bazar iqtisadiyyatının möhkəmlənməsi ilə izah edib. O, Avropanın GUAM məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bildirib. Rumıniya prezidenti Trayan Besesku Gürcüstanın münaqişə zonalarında BMT sülhməramlılarının yerləşdirilməsi ideyasını dəstəklədiyini ifadə edib. O, həmçinin Rusiya qoşunlarının Moldovadan çıxarılması zəruriliyini qeyd edərək, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində öhdəliklərin yerinə yetirilməsi lehinə fikir bildirib.
Sammitdə və dövlət böaşçılarının birgə mətbuat konfransında enerji və iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı üzv ölkələrdəki münaqişələr barədə də münasibət bildirilib. Dövlət başçıları GUAM dövlətlərindəki dondurulumuş münaqişələrin müzakirəsinin BMT-nin TŞ-nin gündəliyinə çıxarılmasını diplomatik və siyasi uğur adlandırıb. Ukrayna prezidenti Viktor Yuşenko nizamlanma məsələsində beyənlxalq hüquq normalarına əsaslanan siyasi modelin rolunu qeyd edib. «Bu ərazi bütövlüyünün tanınmasıdır. Hansı ki, bu prinsip ətrafında hər hansı diskusiya yoxdur. Dərin avtonomiya. Bu prinsiplə bağlı da da diskusiya mövcud deyil. Bunlar eyni xarakterli münaqiləşərin nizamlanması üçün beynəlxalq hüquq və beynəlxalq təcrübədən irəli gələn tələblərdir. Başqa alternativlər mövcud deyil. Əgər siyasi nizamlanma əldə olunsa, GUAM-ın sülhməramlı qüvvələri BMT-nin və ya ATƏT-in mandatı altında prosesə cəlb oluna bilər. Dondurulmuş münaqişələr ciddi təhlükə törədir və buna görə, onlar daima GUAM-ın diqqət mərkəzində olacaq». Moldovanın baş naziri Vasile Tarlev üzv ölkələrin "dondurulmuş münaqişələr"lə bağlı ortaq mövqe nümayiş etdirdiyini təsdiqləyib. «Ortaq mövqe GUAM-a "dondurulmuş münaqişələr" məsələsini BMT Baş Assambleyasının gündəliyinə daxil etməyə imkan verib. Bu münaqişələrin həlli məsələsinin beynəlxalq müzakirəyə çıxarılması insanların söhbətin nədən getdiyini başa düşməsinə kömək edir. Hesab edirəm ki, GUAM-ın iqtisadi və siyasi nüfuzunun genişlənməsi münaqişələrin həllinə kömək edəcək». Prezident İlham Əliyev bildirib ki, GUAM-ın dövlətlərin ərazi bütövlüyünün bərpasına dair konkret mövqeyi və dünyada artan nüfuzu var. Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyanı Gürcüstandan ayırmaq cəhdlərini "axmaqlıq" adlandırıb. "Biz bu regionun əhalisinin Gürcüstana inteqrasiya etməsi üçün hər şeyi edirik. Osetinlər bütün hakimiyyət strukturlarında təmsil olunub və indi Tbilisidən Tsxinvaliyə 50 dəqiqəyə getmək mümkün olacaq avtoban tikilir. Bəziləri deyirlər ki, mənim osetin köklərim var, kim bilir, bəlkə də elədir", - deyə Saakaşvili zarafat edib. O, bildirib ki, yaxın aylarda osetinlərə ən geniş muxtariyyət veriləcək. Daha sonra Gürcüstan prezidenti "yerli kriminal ünsürlərin" və konkret olaraq vaxtı artıq bitmiş olan "yoldaş Kokoyevin" ünvanına hədələr səsləndirib. «GUAM ölkələrinin ərazisindəki nizamlanmamış münaqişələr və xarici qoşunların qanunsuz mövcudluğu regionda geniş miqyaslı demokratik dəyişkiliklərə və iqtisadi inkişafa mənfi təsir göstərməyə davam edir». Bu barədə isə GUAM-ın bu gün Bakıda başa çatmış ikinci sammitinin yekun kommünikesində deyilir. Suverenlik, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında münaqişələrin nizamlanmasına dair birgə fəaliyyətlərin davam etdirilməsinin zəruriliyi təsdiqlənib. GUAM dövlət başçılarının şurası münaqişələrin bu ərazilərin dövlətin siyasi, hüquqi və sosial-iqtisadi sisteminə reinteqrasiyası, onların tam reabilitasiyası, qaçqınların daimi yaşayış yerlərinə qaytarılması, nəqliyyat yollarının bərpası və bu ərazilərdə icmalar arasında dinc yaşayışın və əməkdaşlığın təmin edilməsi yolu ilə nizamlanmasının alternativsiz olduğuna əminlik ifadə edib. Üzv dövlətlərin qarşılıqlı əlaqəsi məsələlərində nəqliyyat potensialının istifadə olunmasına və GUAM-ın Avropa və Asiya arasında əlaqələndirici həlqə roluna xüsusi önəm verilib. Sammit iştirakçılarının müzakirələrində beynəlxalq terrorizm, aqressiv separatizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq daxil olmaqla təhlükəsizlik riskləri və hədələrilə bağlı məsələlərə diqqət göstərilib. Yekun kommünikedə deyilir ki, GUAM-ın Yaponiya, ABŞ, AB, həmçinin regional təşkilatlarla faydalı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub. ABŞ dövlət katibinin yardımçısının Avropa və Avrasiya məsələləri üzrə müavini Devid Kremmer isə «ANS» televiziyasına müsahibəsində bildirib ki, ABŞ GUAM-ı çoxdan dəstəkləyir və dəstəkləməkdə davam edəcək. «GUAM elə bir təşkilatdır ki, burada eyni maraqları paylaşan ölkələr bir yerə toplaşıb müsbət işlər görə bilər. Amerika Birləşmiş Ştatları artıq çoxdandır ki, GUAM-ı bir təşkilat kimi dəstəkləməkdədir. Lakin son vaxtlar ümumiyyətlə biz bunun şahidi olmaqdayıq ki, ABŞ-dan olan asılılıq, yaxud ABŞ-ın dəstəyinin təsiri artıq azalmaqdadır. Çünki GUAM üzvü olan ölkələr özləri təşəbbüsü əllərinə alıb». Cənab Kremmer GUAM-ın alternativ qurum olmadığını da bildirib. «Mən deməzdim ki, GUAM ümumiyyətlə, kiməsə, yaxud hansısa təşkilata alternativ təşkil edir. GUAM müsbət işlər görən müsbət bir təşkilatdır. O, heç kəsə və heç nəyə alternativ deyil».