Accessibility links

Azərbaycan Türkiyə-Rusiya münasibətlərində


Türkiyə prezidenti Abdulla Gül Rusiyada səfərdədir. Bu gün iki ölkə prezidenti danışıqların nəticəsi olaraq birgə bəyanat imzalayıb. Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, iki ölkə arasındakı xarici siyasət, iqtisadi, ticarət, humanitar sahələrdə əlaqələr bu sənəd əsasında reallaşacaq.
Rusiya prezidenti rəsmi Moskvanın Türkiyənin Qafqazda sabitlik platforması təklifini müdafiə etdiyini də bəyan edib. «Bizim ölkələrimiz Qafqaz regionunda təhlükəsizliyin qorunmasında maraqlıdır. Biz burada təhlükəsizliyə şərait yaradan fikirlərlə həmrəy olduğumuzu bildirdik. Türkiyəli tərəfdaşımızıntəşəbbüslərini alqışlayırıq, o cümlədən də mən Qafqazda Sabitlik və Təhlükəsizlik Platformasını nəzərdə tuturam. Biz onun həyata keçirilməsində imkanlar görürük» - deyə prezident Medvedyev qeyd edib.
Türkiyə prezidentinin Rusiya səfəri Azərbaycanda da diqqət mərkəzindədir. İnsanlar iki ölkə arasındakı münasibətlərin liberallaşmasının regiondakı gərginliyin azalmasına və münaqişələrin həllinə kömək edəcəyinə ümid edir. Bununla yanaşı, politoloqlar Türkiyə-Rusiya münasibətlərinin regiondakı münaqişələrin həllində rolunu yüksək qiymətləndirmir. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadənin fikrincə, Türkiyə-Rusiya münasibətləri qarşılıqlı iqtisadi maraqlara yönəlib və bu Azərbaycanın qərbə inteqrasiyasının əngəllənməsinə səbəb ola bilər.
Cənab Quluzadə həmçinin Rusiya Türkiyə münasibətlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün bəs etmədiyini də diqqətə çatdırıb. Keçmiş dövlət müşaviri Rusiya prezidentinin Türkiyənin Cənubi Qafqazda Sabitlik və Təhlükəsizlik təşəbbüsünün reallaşacağı mümkünlüyü ilə bağlı bəyanatına inanmır. O Rusiya prezidentinin təşəbbüsünü regionda avtoritarizmə qayıdışa dəstək kimi qiymətləndirir.
“Şərq-Qərb” Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu da Türkiyə-Rusiya yaxınlaşmasının regiona sülh gətirməyəcəyini düşünür. Onun fikrincə, regionda maraqlı digər dövlətlərin iştirakı olmadan problemi həll etmək mümkün deyil.
XS
SM
MD
LG