Accessibility links

Azərbaycanda çoxsaylı insan qətllərində günahlandırılan dəstəyə hökm oxunur


Azərbaycanın Ağır Cinayətlərə dair Məhkəmədə Hacı Məmmədov və dimgərlərinin işi üzrə hökmün oxunmasına başlanıb. Vəkillər hesab edir ki, hökmün oxunuşu bir neçə gün davam edəcək. 2006-cı il iyulun 4-də Ağır Cinayətlər üzrə Məhkəmədə hakim Ali Seyfullayevin sədrliyi altında Hacı Məmmədovun cinayətkar dəstəsinin işi üzrə proses başlayıb, həmin il dekabrın 15-də isə başa çatıb. Dəstəyə qarşı çoxsaylı qəttlər və adam oğurluqları daxil olmaqla, bir neçə ağır cinayətin törədilməsinə dair ittihamlar irəli sürülüb. Müttəhimlər kürsüsündə 26 nəfər, o cümlədən 8 sabiq DİN zabiti əyləşib. Dəstənin tərkibində həmçinin Çeçenistandan olan 4 nəfər RF vətəndaşı var. Hacı Məmmədovun bacısı oğlu və nigahsız həyat yoldaşı da həmçinin cinayətkarlar içərisindədir. Turan Agentilyi cinayətkar dəstənin cinayətləri ilə bağlı aşağıdakı məlumatları dərc edib. Cinayətkar dəstə DİN Cinayət-Axtarış İdarəsinin polkovnik- leytenantı Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində pul almaq məqsədilə sifarişli qətllər törədib və adam oğurluqları ilə məşğul olub. Ümumilikdə işdə qətllərə, adam oğurluqlarına, soyğunçuluq basqınlarına, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var. Dəstənin cinayətlərində bir çox yüksək vəzifli DİN və digər dövlət strukturlarının təmsilçiləri, o cümlədən Cinayət-Axtarış İdarəsinin rəisi general Zakir Nəsirov, DİN polkovniki Kamil Sədrəddinov və digərləri iştirak edib. Dəstə 2005-ci il martın 10-da Azərbaycan Beynəlxalq Bankının rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın girovluqdan azad olunmasına dair MTN-nin həyata keçirdiyi xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Dəstənin ən gürultulu cinayətləri tanınmış kriminalist Rövşən Əliyevin (2002-ci ildə), sabiq DİN polkovniki Fətulla Hüseynovun (2004-cü ildə), Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılovun (2001-ci ildə) qətlləri, 1998-ci ildə 3 çeçenin qətli və pul almaq məqsədilə çoxsaylı adam oğurluqlarıdır. Bu oğurluqların ən gürultulusu 2005-ci ildə Beynəlxalq bankın prezidentinin həyat yoldaşı Zamirə Hacıyevanın oğurluğu olub. Ümumilikdə Hacı Məmmədovun dəstəsi bu oğurluqlardan 7 milyon dollardan çox pul qazanıb. Belə ki, Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun (2001-ci ildə) azad edilməsinə görə 950 min dollar, Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin (2000-ci ildə) azad edilməsinə görə 850 min dollar, süd zavodunun direktoru Zeynalabdin Babayevin (1999-cu ildə) azad edilməsinə görə 450 min dollar, iş adamlarının övladlarının azadlığına görə - Elşad Həsənovun (1996-cı ildə) 120 min dollar, İlham Qədimzadənin (1997-ci ildə) 180 min dollar, Ülvan Bağırovun (1997-ci ildə) 850 min dollar, Cavid Manafovun (1998-ci ildə) 650 min dollar pul alıblar. İş adamı Hafiz Məmmədovun atasına görə (2003-cü il) 2 milyon avro və 200 min dollar, Dövlət Sığorta Şirkəti sədrinin oğlu Əhməd Məmmədova (1998-ci ildə) görə isə 850 min dollar pul alıblar. Zamirə Hacıyevaya görə cinayətkarlar 20 milyon dollar tələb edib, lakin həbs ediliblər. Baş müttəhim Hacı Məmmədov iyulun 25-də məhkəmə iclası zamanı sensasiyalı etiraf edib. O jurnalist Elmar Hüseynovu sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişilə onun dəstəsinin qətlə yetirdiyini bildirib. Lakin bu epizod hələ açılmamış qalır. Məhkəmə istintaqı başa çatdıqdan sonra dövlət ittihamçıları məhkəmədən aşağıdakı hökmləri çıxarmağı xahiş edib: 10 ömürlük həbs, 3 azadlıqdan 15 illiyinə məhrum etmə, 3 azadlıqdan 12 illiyinə məhrum etmə, 1 azadlıqdan 17 illiyinə məhrum etmə, 5 azadlıqdan 10 illiyinə məhrum etmə, 1 azadlıqdan 5 illiyinə məhrum etmə, 1 iki il müddətinə azadlıqdan məhrum etmə və bir üç il azadlıqdan məhrum etmə. Sonuncu üç hökm zamində olan şəxslərə aiddir. Hacı Məmmədov törədilən cinayətlərin demək olar ki, hamısını etiraf edib. Zakir Nəsirov və Kamil Sədrəddinov günahsız olduqlarını bildiriblər. Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev həmçinin cinayətlərə aidiyyatı olmadığını bildirib. Qalanlar öz günahlarını qismən etiraf edib. Hacı Məmmədovun işi üzrə prosesin gedişi bütün hüquq mühafizə sistemində böhran olduğunu aşkar etdi, onun tamamilə kriminallaşması və korrupsiyalaşması barədə danışmağa əsas verdi. Həmçinin belə fikirlər var ki, dəstə ölkənin ali rəhbərliyinin göstərişi əsasında fəaliyyət göstərib və Məmmədov onların əlində sadəcə alət olub, dəstənin həqiqi rəhbərləri isə kölgədə qalıb. Prokurorluq və MTN rəhbərliyinin dəstənin fəaliyyəti barədə xəbəri ola-ola onun zərərsizləşdirilməsi üçün tədbirlər görməməsi faktları bunu dolayı yolla sübut edib.
XS
SM
MD
LG