Son günlər havaların isti keçməsi ilə əlaqədar Səhiyyə Nazirliyi əhalini bir daha ehtiyatlı olmağa çağırıb. Nazirlik əhalini günorta saatlarında açıq havada, gün altında mümkün qədər az qalmağa, isti havada orqanizmin su, duz mübadiləsini tənzimləmək məqsədi ilə maye qəbulunu artırmağa çağırır. Xüsusilə ürək-damar, endokrinoloji, sinir sistemi xəstələri olanların, hamilə qadın, azyaşlı uşaq, qoca və ahılların daha ehtiyatlı olması tövsiyə edilir. İndiyədək günvurmadan əziyyət çəkənlərin olması ilə bağlı faktlar qeydə alınmasa da, avqus ayı ümumiyyətlə isti keçəcək. Bu barədə hidrometeroloqlar əhalini xəbərdar edib. Yaxın bir neçə gündə isə ölkənin ayrı-ayrı rayonlarında havanın hərarəti kölgədə 43 dərəcə selsiyədək qalxacaq.