Accessibility links

“Azadlıq” qəzetinin baş redaktoruna dörd il həbs cəzası verilib 


Yasamal rayon məhkəməsi "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahid barəsində hökm çıxarıb. Hakim Südabə Məmmədova xuliqanlıq və bədənə az xəsarət yetirmək ittihamı üzrə təqsirli bilərək 4 il həbs cəzasına məhkum edib. Digər müttəhim Vüsal Həsənov da 1 il yarım müddətinə həbs cəzasına məhkum edilib. Hakim dünən qeyri müəyyən vaxta fasilə elan etməsinə baxmayaraq bu gün hökm elan edib. Məhkəmə zalında isə hakim, məhkum və dövlət ittihamçısından başqa heç kim olmayıb. Vəkil Osman Kazımov hökmü absurd və siyasi sifariş adlandırıb. Vəkil həm də məhkəmənin gizli keçirilməsindən narahatdır. Cənab Kazımov məhkəmənin hökmündən şikayətlərini Avropa İnsan Haqları məhkəməsinədək davam etdirəcəklərini deyib. Jurnalist təşkilatları, hüquq müdafiəçiləri də baş redaktorun həbsini siyasi sifariş hesab edir. Reportyorların Azadlığı və Müdafiəsi institutunun direktoru Emin Hüseyn iqtidarın azad mətbuatı susdurmaq üçün çalışdığını yada salıb. Onun sözlərinə görə, “Azadlıq” qəzeti daim təzyiqlər altında fəaliyyət göstərib. Rəsmi “Azərbaycan” qəzetinin redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov məhkəmənin hökmünü ədalətli sayır. Onun fikrincə, məhkəmə istintaqı kifayət qədər yetərlidir. Artıq beynəlxalq təşkilatlar və diplomatik missiyalar da jurnalistin həbsini pisləyən bəyanatlarla çıxış etməkdədir. ABŞ-ın Bakıdakı səfirliyi də baş redaktorun həbsindən narahatdır. Səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik “Turan” agentliyinə bildirib ki, ABŞ Qənimət Zahidə qarşı çıxarılan məhkəmə qərarı və məhkəmə sisteminin mümkün pozuntuları ilə bağlı dərin narahatlıq keçirir. "Müstəqil, obyektiv və səriştəli mətbuat demokratiya üçün müstəsna əhəmiyyətə malikdir. Jurnalistlər gördükləri işə görə təhdid, təqib, hücuma məruz qalmamalı və həbs edilməməlidirlər. Göründüyü kimi, müstəqil və müxalifət-yönlü mətbuat üzərində davam etməkdə olan təzyiq fonunda biz hökuməti tənqid edən bəzi jurnalistlərin təkcə böhtan və diffamasiya deyil, guya digər cinayətlər törətdiklərinə görə də ittiham və məhkum edilməsi ilə bağlı narahatıq”-deyə o qeyd edib.
XS
SM
MD
LG