Accessibility links

ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrə iqtidar və müxalifətin münasibəti


ABŞ Konqresinin Helsinki Komissiyasında "Azərbaycanda insan hüquqları və demokratiya" mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə Helsinki Komissiyasının 6 üzvü iştirak edib.
Auditoriya qarşısında ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Devid Kreymer, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev və Freedom House Təşkilatının tədqiqatlar üzrə direktoru Kristofer Volker çıxış edib.

Çıxışlarda və müzakirələrdə Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olması, geopolitik mövqeyi, enerji təhlükəsizliyi və terrorizmə qarşı mübarizədə əhəmiyyəti qeyd edilib. Eyni zamanda, ölkənin ünvanına seçkilər, mətbuatın vəziyyəti, demokratiya sahəsində ciddi tənqidlər səsləndirilib.

Helsinki komissiyasında keçirilən dinləmələr Azərbaycanda necə qarşılanıb? Bu sualla insan haqları müdafiəçilərinə, müxalifət və iqtidar təmsilçilərinə müraciət etmişəm. Ənənəvi olaraq yenə də hüquq müdafiəçiləri və müxalifət liderləri dinləmələrdə səslənən fikirlərin həqiqəti əks etdirdiyini, iqtidar təmsilçisi əksini söyləyib.

"Sülh və Demokratiya" institutunun direktoru Leyla Yunus dinləmələrin açıq şəraitdə keçirilməsini müsbət qiymətləndirir. Onun fikrincə, belə dinləmələr seçkilərdən sonra da təşkil edilməli və Azərbaycanın beynəlxalq öhdəliklərə necə əməl etməsi müzakirə olunmalıdır.

Hüquq-müdafiəçisi eyni zamanda hesab edir ki, dinləmələrin və tənqidlərin Azərbaycan hakimiyyətinə hər hansı təsiri olmayacaq. Azərbaycan iqtidarının siyasətinə təsir etmək üçün demokratiyanın və mətbuat azadlığının inkişafına yardım etmək lazımdır.

İqtidarda olan "Yeni Azərbaycan" partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Helsinki Komissiyasının mövqeyini ABŞ hökumətinin mövqeyi kimi dəyərləndirməyi düzgün saymır. Onun dediyinə görə, dinləmələrdə səslənən fikirlərin əksəriyyəti reallığı əks etdirmir.

Cənab Qurbanlı bununla yanaşı, ABŞ hökumətinin nümayəndələrinin fikrinin Azərbaycan tərəfindən diqqətlə öyrənildiyini və tənqidi məqamlara qiymət verildiyini bildirib.

Müxalifətdə olan "Müsavat" partiyasının başqanı İsa Qəmbər Helsinki Komissiyasında dinləmələrin Azərbaycan üçün ciddi mesaj olduğunu deyir. Onun fikrincə, dinləmələrdə Freedom House təşkilatının mövqeyi reallığa daha yaxındır.

Cənab Qəmbər hesab edir ki, Dövlət katibinin müavininin çıxışı daha çox diplomatik xarakter daşıyır. Onun dediyinə görə, Azərbaycan hakimiyyəti diplomatik dillə deyilənlərə fikir belə vermir.

XS
SM
MD
LG